Nizami Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr təyinatları olub.
Bununla bağlı icra başçısı Coşqun Cəbrayılov müvafiq əmrlər imzalayıb.
Ləğv edilən Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev işdən çıxarılıb. Həmin şöbənin yerinə yaradılan Hüquq və kadr məsələləri sektoruna isə hələlik müdir təyin olunmayıb.
Bununla yanaşı ləğv edilən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rəşad Hüseynov da işini itirib. Yeni yaradılan Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna isə Tural Cavadov müdir təyin olunub. O daha əvvəl ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin müdiri işləyib.
İnformasiya təminatı və təhlil sektoru ləğv edildiyindən isə onun müdiri Cavid Qafarov başçının əmri ilə Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunda Baş məsləhətçi (əhali ilə görüşlərin təşkilatçısı) vəzifəsinə keçirilib.
İcra Hakimiyyətinin indiyədək baş mühasibi olan Sevinc Mollayeva da yeni yaradılan İnzibati işlər sektoruna müdir təyin olunub. Bununla da komendat, xadimə və sürücülərə rəhbərlik də ona həvalə olunub/İqtisadiyyat.