Bakı şəhərinin Xətai rayonunda qanunsuz tikintilərin miqyası nəzərəçarpacaq dərəcədə artıb. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan çoxsaylı foto və videolar rayon ərazisində aparılan tikinti işlərinin böyük hissəsinin müvafiq icazələr olmadan həyata keçirildiyini göstərir.
Bu tikintilərin əhəmiyyətli hissəsi Xətai Rayon İcra Hakimiyyətinin razılığı və nəzarəti altında aparılıb.
Bildirilir ki, son beş il ərzində rayon ərazisində icra başçısı Rafiq Quliyev və onun yaxın çevrəsinə aid olduğu iddia edilən yüzlərlə obyekt inşa edilib. Məlumata görə, icra başçısının özünə və yaxın ətrafına aid olan obyektlərin sayı isə nəzərəçarpacaq qədcər artıb.
Məlumata görə, Rafiq Quliyev Administrasiyaya çağırılıb, ona iradlar bildirilib və rəsmi xəbərdarlıq edilib. Buna baxmayaraq, Xətai rayonunda qanunsuz tikintilərin qarşısının alınmadığı, əksinə prosesin davam etdiyi göz önündədir. Mənbələrin iddiasına görə, hazırda da rayon ərazisində yeni tikililər inşa olunur və vəziyyət nəzarət altına alınmayıb.
Məlumatlara görə, məhz bu səbəbdən Rafiq Quliyevin yaxın həftələrdə vəzifəsindən azad olunması məsələsi gündəmdədir. İddia olunur ki, icra başçısı başqa bir rayona rəhbər təyin olunmaq niyyətində olsa da, Xətai rayonunda torpaq sahələrinin və tikinti imkanlarının sistemli şəkildə qanunsuz satılması ilə bağlı narazılıqlar bu ehtimalı ciddi şəkildə zəiflədib.
Qeyd edək ki, Rafiq Quliyev 2019-cu ildən etibarən Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır/Bizimesr.az
Editor.az