Nazirlər Kabinetində İslam İnkişaf Bankı Qrupunun (IsDB) 2026-cı il üzrə illik toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib.
Mia.az Nazirlər Kabinetinə istinadla bildirir ki, Baş nazirin müavini, komitənin sədri Samir Şərifov Azərbaycan Prezidentinin 2025-ci il 8 sentyabr tarixli 711 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin qarşısında duran əsas vəzifələri qeyd edib, IsDB Qrupunun 2026-cı il üzrə illik toplantılarının 16-19 iyunda Bakı şəhərində keçirilməsinin ölkənin beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İclasda IsDB Qrupunun illik toplantısının təşkili üzrə görülmüş işlər və cari hazırlıq vəziyyəti, ilk növbədə görülməli işlər, onların icra qrafiki və xüsusi diqqət tələb edən məsələlər, illik toplantıların keçiliməsinə dair Tədbirlər Planının layihəsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, Bakıda IsDB Qrupunun Müdirlər Şurasının 51-ci İllik Toplantısı, həmçinin Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının (ITFC) 22-ci Baş Assambleyası, İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (ICIEC) Müdirlər Şurasının 33-cü illik iclası, İslam Özəl Sektorun İnkişafı Korporasiyasının (ICD) Müdirlər Şurasının 26-cı illik iclası, İnkişaf naminə İslam Həmrəylik Fondunun (ISFD) 19-cu Baş Assambleyası təşkil olunacaq.
57 üzv ölkəsi olan İslam İnkişaf Bankı 1973-cü ildə yaradılıb. Bankın baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir.
Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın kapitalında 0,13 %-lik paya malikdir.
2024-cü ilin sonuna IsDB Qrupu tərəfindən Azərbaycana ayrılmış maliyyələşmənin ümumi həcmi 1,298 milyard ABŞ dollarına çatıb və 81 layihəni əhatə edir. Bu vəsaitin böyük hissəsi - 1,106 milyard ABŞ dolları - 35 təşəbbüs üzrə layihə maliyyələşməsinə yönəldilib. 185,8 milyon ABŞ dolları 20 ticarət maliyyələşməsi əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə ayrılıb.