Türkiyə tarixində ilk dəfə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ən yüksək qərar qəbuletmə orqanı olan COP Tərəflər Konfransına sədrlik etməyə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum COP31-in sədri təyin edilib.
Məlumata əsasən, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Nazir Murat Kurum bildirib ki, bu vəzifəyə təyinatından böyük şərəf duyur: "Türkiyə COP31-ə ev sahibliyi etməklə qlobal iqlim siyasətində həlledici mövqeyə yüksəlib. Biz iqlim dəyişikliyinə qarşı mübarizədə istiqamət müəyyən edən bir aktyora çevrilmişik. Siyasəti, bürokratiyası, vətəndaş cəmiyyəti və 86 milyon əhalisi olan millətimizlə ölkəmiz bu tarixi fürsətdən dünyamızın xeyrinə istifadə edəcək. Bir sözlə, Türkiyənin COP31-ə sədrliyi Türkiyə, millət və dünya üçün faydalı olacaq"
Firudun Səfərli
MİA.AZ