Xankəndi şəhərində terror törətməyə cəhd edən Karen Avanesyan 16 il azadlıqdan məhrum edilib.

Məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

Məhkəmənin qərarı ilə K.Avanesyan 16 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, cari il sentyabrın 14-də Xankəndidə K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah - "AKMS" markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 07 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 09 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hadisə yerindən təxliyyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub(report).