Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc 25 dekabr 2025-ci il tarixində Xətai rayonu ərazisində yaşayan seçiciləri ilə videoformatda görüş keçirib.

Mia.az xəbər verir ki, görüş zamanı deputat seçicilərin müraciətlərini dinləyib və qaldırılan problemlərlə maraqlanıb.

Görüşdə seçicilər tərəfindən məhkəmə qərarlarının icrası, məişət-kommunal problemlər, eləcə də Gəncə prospekti 27 ünvanında aparılan qanunsuz bina tikintisi ilə bağlı narahatlıqlar diqqətə çatdırılıb. Bildirilib ki, sözügedən tikinti nəticəsində ərazidəki yaşıllıq massivinin məhv edilməsi, ağacların gecə saatlarında yandırılaraq yox edilməsi, həmçinin ağır texnikaların əraziyə gətirilməsi əhali üçün ciddi narahatlıq yaradır.

Seçicilər eyni zamanda həmin ərazinin sürüşmə zonası olması ilə bağlı təhlükəsizlik risklərini vurğulayıb və bu məsələlərlə əlaqədar aidiyyəti qurumlara müraciət olunmasını xahiş ediblər.

Deputat Zahid Oruc qaldırılan məsələlərin nəzarətə götürüləcəyini, müvafiq qurumlar qarşısında qaldırılacağını və seçicilərə qanunvericilik çərçivəsində dəstək göstəriləcəyini bildirib.