Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, dövlət başçısına burada yaradılmış şərait barədə məlumat verilib.
Bildirilib ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Ağdam şəhərində mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bu ilin fevralında isə kompleksdə görülən tikinti işləri ilə tanış olublar.
İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Bütün bu işlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun icra olunur. Bu hotellər memarlığına görə ərazinin təbii landşaftına uyğun layihələndirilir, ekoloji standartlara və ən müasir xidmət prinsiplərinə əsaslanır. Turizm obyektləri turistlərin rahat yerləşməsi, istirahəti üçün geniş imkanlar yaradır. Hotellərin tikintisi, həmçinin bu bölgələrdə iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın inkişafına təkan verir. Bütün bu işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin turizm potensialında mühüm yer tutmasına da zəmin yaradacaq.
***
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında "Construction" MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, "Construction" MMC-nin təsisçisi Nurlan Abbasov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Bildirilib ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.
Qeyd edək ki, dövlət başçısının 2021-ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.
***
Prezident İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında "Saloğlu Qarabağ" MMC-nin istehsal müəssisəsinin təməlini qoyub.
Mia.az xəbər verir ki, "Saloğlu Qarabağ" MMC-nin təsisçisi Tacəddin Mustafayev dövlət başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verdi.
Bildirildi ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq.
Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.