Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
“Təhsil millətin gələcəyidir!” - HEYDƏR ƏLİYEV
***
Təhsilin əhəmiyyəti nədir? Və ya insanlar bu həqiqəti nə qədər dərk və ya ifadə edir?
Bu sual ilk baxışda sadə görünə bilər. Lakin müşahidələr göstərir ki, əksər hallarda bu suala verilən cavablar ümumi sözlər səviyyəsində qalır. Təhsilin real mahiyyəti, cəmiyyət üçün daşıdığı dərin əhəmiyyət çox zaman dolğun və əsaslandırılmış şəkildə ifadə olunmur. Bu səbəbdən məsələyə yenidən və daha ciddi münasibət göstərməyə ehtiyac olduğunu düşünürəm. Bu mövzuda əvvəllər sosial şəbəkələrdə yazılarım olub, indi də toxunmağımın əsas səbəbi məhz budur.
Təhsilə bəsit yanaşma problemi
Bu gün təhsilə yalnız diplom və ya gələcək dolanışıq mənbəyi kimi baxan yanaşmalar kifayət qədər yayılıb. Halbuki təhsilin əhəmiyyətini bu qədər dar çərçivəyə salmaq ciddi yanlışlıqdır.
Belə yanaşma:
- təhsilin mahiyyətini bəsitləşdirir,
- cəmiyyətdə məsuliyyətsiz gözləntilər formalaşdırır,
- uzunmüddətli perspektivdə isə müxtəlif neqativ sosial halların əsasını qoyur.
Bu, eyni zamanda təhsilin mahiyyəti ilə bağlı maarifləndirici və təbliğat işinin lazımi səviyyədə aparılmadığını da göstərir. Ailə tərbiyəsində və ümumitəhsil məktəblərində erkən yaşlardan uşaqlara təhsilin mənası və dəyərinin düzgün aşılanmaması, görünür, məsələnin sistemli təşkil edilməməsi bu boşluqları daha da dərinləşdirir.
Təhsil nədir: bilik, yoxsa şəxsiyyət?
Unutmamalıyıq ki, təhsil insana təkcə bilik vermir.
Təhsil insana:
- cəmiyyətdə mövqe,
- davranış mədəniyyəti,
-məsuliyyət hissi qazandırır.
Təhsil sadəcə oxumaq deyil - təhsil insan olmaq yoludur.
Bildiyini ifadə edə bilməmək problemi
Narahatlıq doğuran digər mühüm məqam ondan ibarətdir ki, kifayət qədər təhsilli insanlar belə, bildikləri halda təhsilin əhəmiyyətini aydın, sistemli və inandırıcı şəkildə ifadə etməkdə çətinlik çəkirlər.
Deməli:
- təhsilin əhəmiyyətini bilmək başqa,
- onu düşüncədə aydınlaşdırıb sözə çevirmək tamam başqa məsələdir.
Bir dəfə intellektual potensialı yüksək olan onlarla gəncin iştirak etdiyi müzakirədə bu sualı səsləndirdim. Aydın, əsaslandırılmış və sistemli cavab eşitmədim. Bir daha müşahidə etdim ki, problem yalnız bilməməkdə deyil, həm də dərk ediləni ifadə edə bilməməkdədir.
Təhsil niyə cəmiyyət üçün həlledicidir?
Əslində təhsil sadəcə diplom deyil.
Təhsil insanın:
- necə düşündüyünü,
- necə qərar verdiyini,
- necə yaşadığını,
-cəmiyyətə nə verdiyini müəyyən edir.
Ölkənin hərtərəfli inkişafı iqtisadiyyatın yüksək templə irəliləməsini tələb edir. Bu isə elmi nailiyyətlərin, qabaqcıl texnologiyaların və müasir idarəetmə üsullarının tətbiqi ilə yanaşı, insanların müasir bilik və bacarıqlara yiyələnməsini zəruri edir. Bütün bunlar yalnız keyfiyyətli təhsil vasitəsilə mümkündür.
Təhsil - rifahın və dayanıqlılığın əsasıdır
Keyfiyyətli təhsil insanı əmək bazarında güclü edir, lakin bununla kifayətlənmir.
O, insana:
- inam,
- dayaq,
- seçim imkanı verir.
Təhsilli insan dəyişən dünyayanın yeni sahələrinə tez uyğunlaşır, rəqabətqabiliyyətli olur, texnologiyanı mənimsəyir, ömürboyu öyrənməyə açıq qalır.
Təhsil rifahdır - təkcə maddi deyil, həm də mənəvi rifahdır. Təhsilli insan sağlam həyat tərzini daha şüurlu seçir, ətraf mühitə daha məsuliyyətli yanaşır, ailədə, işdə və cəmiyyətdə örnək olur. Onun biliyi gündəlik davranışında, münasibətində və mövqeyində əks olunur. Özünün və cevrəsinin rahat və məmnun olmasına əsas yaradır.
Təhsil şəxsiyyət formalaşdırır
Təhsil insanı təkcə peşə sahibi etmir, şəxsiyyətə çevirir. Etik dəyərləri, məsuliyyəti və layiqli vətəndaş mövqeyini formalaşdırır. Cəmiyyət də məhz belə insanlar hesabına güclənir.
Nəticə olaraq:
Ona görə də təhsil sahəsində çalışan hər birimiz - müəllimlər, rəhbərlər, mütəxəssislər, habelə valideynlər - bu sualın cavabını sadəcə bilməklə kifayətlənməməliyik. Onu deməyi, izah etməyi və inandırmağı da bacarmalıyıq. Bu, həm də tərbiyədə, yetişən nəsildə dəyərlər formalaşdırmaq məsələsidir. İnsan əvvəl inanır, sonra hərəkət edir. İnancı formalaşdırmayan fikir isə təsirsiz qalır.
Unutmamalıyıq ki, “oxumuş adamsan, sən bilərsən” ifadəsi sadəcə gündəlik bir deyim deyil. Bu, cəmiyyətin təhsildən gözləntisinin və təhsilli insana yüklədiyi məsuliyyətin qısa və dəqiq ifadəsidir.
MİA.AZ