"Ukrayna problemi sülh yolu ilə həll etməkdən imtina edir. Biz hələlik Ukraynanın ərazi məsələsini müzakirə etməyə hazır olduğunu da görmürük".
Mia.az xaric mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Moskvadakı "Qostini Dvor" mərkəzində keçirilən illik mətbuat konfransında deyib.
O, "İlin Nəticələri" proqramında Ukrayna böhranı ilə bağlı suala cavabda bildirib ki, danışıqları davam etdirmək barədə anonslar verilir: "Kiyev hələ də böhranı sülh yolu ilə həllindən imtina etsə də, dialoqun davamı barədə siqnallar alırıq. Dəfələrlə demişəm, böhranın təməl prinsip və səbəblərinin aradan qaldırılmalıdır. Yalnız bu şərtlə ötən ilin iyun ayında elan etdiyim prinsiplərə əsaslanaraq məsələni sülh yolu ilə həll etmək istəyirik".
Cəbhədəki vəziyyətə toxunan Putin strateji təşəbbüsün Rusiya ordusunda olduğunu iddia edib: "Qoşunlarımız Kursk bölgəsini düşməndən azad etdikdən dərhal sonra strateji təşəbbüs tamamilə Rusiya Silahlı Qüvvələrinin əlinə keçib. Bu nə deməkdir?! Bu o deməkdir ki, qoşunlarımız bütün təmas xətti boyunca irəliləyir. Düşmən bütün istiqamətlərdə geri çəkilir. Yeri gəlmişkən, Krasnı liman şəhəri tezliklə Rusiya ordusunun əlinə keçəcək. Döyüşlər Konstantinovka şəhərində davam edir. Bu şəhərin 50%-i bizim nəzarətimizdədir. Şübhəsiz ki, qoşunlarımız da bu şəhəri ələ keçirəcəklər. Dimitrov şəhəri də tamamilə mühasirəyə alınıb".
Putin bildirib ki, rus qoşunları Kupyansk şəhərini də nəzarət altında saxlayır: "Onlar hələlik şərqə doğru irəliləmirlər, çünki onların çox vacib vəzifələri var: Oskol çayının sol sahilindəki Ukrayna qrupunu məhv etmək və başqa bir yaşayış məntəqəsi olan Kupyansk-Uzlovoyu ələ keçirmək. Oradakı düşmən qrup da mühasirəyə alınıb...".
Rusiuya lideri daja sonra Xarkov vilayətindəki Kupyansk şəhərinin girişində Zelenskinin şəklini paylaşmasına da toxunub: "O, İstedadlı aktyordur. Şəhərin adı yazılmış lövhənin altında çəkiliş aparır. O lövhə isə şəhərdən bir kilometr aralıdadır. Niyə girişdə gözləyirsiniz?! Əgər Kupyansk sizin nəzarətinizdədirsə, niyə içəri girmirsiniz?!..."
Samir MUSAYEV
MİA.AZ