18 dekabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin “ÜTF və texnologiya” kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti, tələbələr və tədris-köməkçi heyəti geniş tərkibdə iştirak etmiş, müasir dövrün aktual problemləri ətrafında fikir mübadiləsi aparılıb.
Mia.az-ın məlumatına görə, seminarı giriş sözü ilə açan kafedra müdiri, dosent Elçin Cavadov tədbirin əhəmiyyətindən bəhs edərək məruzə ediləcək mövzuların müasir elmi çağırışlara cavab verdiyini vurğulamışdır. O, universitetdə elmi-tədqiqat fəaliyyətinin inkişafı üçün yaradılan əlverişli şəraitə görə kafedra əməkdaşları adından Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova dərin təşəkkürünü bildirmişdir.
Seminar çərçivəsində iki aktual mövzuda elmi məruzə dinlənilmişdir. Kafedranın attestatsız dosenti M.Ş.Sadıxova “Radioaktiv tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması” mövzusunda çıxış edərək radioaktiv tullantıların yaranma mənbələri, onların təhlükəsiz idarə olunması üsulları, saxlanma və utilizasiya texnologiyaları haqqında ətraflı məlumat vermişdir. Məruzədə qeyd olunmuşdur ki, nüvə energetikasının, tibbi radiologiyanın və sənaye sahələrinin inkişafı radioaktiv tullantıların həcminin artmasına səbəb olur və bu isə ekoloji təhlükəsizliyin təmin olunmasını strateji vəzifəyə çevirir. Mövzunun aktuallığı ətraf mühitin qorunması, insan sağlamlığının təmin edilməsi və dayanıqlı inkişaf prinsipləri baxımından əsaslandırılmışdır.
Daha sonra kafedranın attestatsız dosenti S.A.Tağıyeva “Mobil telefonlar və elektromaqnit şüalanma: sağlamlıq riskləri və müasir tədqiqatlar” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Məruzədə müasir informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda elektromaqnit şüalanmanın insan orqanizminə mümkün təsirləri, beynəlxalq tədqiqatların nəticələri və təhlükəsizlik normaları təhlil edilmişdir. Mövzunun aktuallığı mobil telefonlardan gündəlik və uzunmüddətli istifadənin artması, xüsusilə uşaqlar və gənclər arasında potensial sağlamlıq risklərinin elmi əsaslarla öyrənilməsinin zəruriliyi ilə əlaqələndirilmişdir.
Seminar zamanı məruzələr ətrafında geniş müzakirələr aparılmış, tələbələrin və digər iştirakçıların ünvanladıqları suallar məruzəçilər tərəfindən elmi arqumentlərlə cavablandırılmışdır. Elmi seminar canlı, interaktiv və diskussiya şəraitində keçərək iştirakçıların böyük marağına səbəb olmuşdur.
Sonda seminarın universitetdə elmi düşüncənin formalaşdırılması, tələbələrin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və müasir elmi problemlərə marağın artırılması baxımından əhəmiyyətli olduğu vurğulanmışdır.