Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan neft məhsullarının ilk partiyasının Ermənistana göndərilməsini alqışlayıb.

Bunu baş nazir bu gün brifinqdə deyib.

"Bilirəm ki, Azərbaycanda istehsal olunan neft məhsullarının yükləndiyi ilk qatar artıq Ermənistana doğru hərəkət edir. Bu inkişafı alqışlayıram", - o bildirib.

Baş nazirin sözlərinə görə, ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şərait Bakı və İrəvan arasında sülhün bərqərar olması sayəsində yaranıb.

***

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb.

Mia.az "Report"-a istinadla xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220ton "Aİ-95" markalı avtomobil yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə axşam saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasına çatdırılacaq. Yük daha sonra Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükünü həyata keçirib.

"Siyasi səviyyədə də razılaşmalar var idi. İlk sövdələşmə artıq reallıqdır", - N.Paşinyan əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycan neft məhsullarının ilk partiyası Biləcəri stansiyasından Ermənistana yola salınıb.