"Mən sex rəislərini qəbul edib onlara məsələni demişəm və tapşırdım ki, sizə xəbər versinlər. Amma görünür ki, sizə heç bir məlumat verməyiblər”.
Mia.az “PostMedia”ya istinadla xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev “Bibiheybət Gəmi Təmiri Zavodu”nun etiraz edən işçiləri qarşısında çıxış edərkən deyib.
R.Vəliyevin sözlərinə görə, zavodun bağlanmasında söhbət getmir: “Burada məndən başqa sizə heç kim dürüst sözü deməyəcək. Sizinlə birinci gün görüşəndə dedim ki, lazım olsa bu həftə də, gələn həftə də gələcəm. Hətta lazım olsa gəlib burada sizinlə çiyin-çiyinə oturacam. Qeyd etdim ki, bu işdə mən sizin yanınızdayam. Şayiələrə inanmayın”.
ASCO sədri əlavə edib ki, əməkdaşların il sonuna qədər maaş alması üçün işlər aparılır: “Siz də insansınız, mən də. Səhərə qədər mənim təzyiqim 200-dən aşağı düşməyib. Durub ordan qaçmışam bura. Mən sizinlə birinci gündən açıq danışdım ki, narahat olmayın. Qarşıdan Yeni il gəlir. Söhbət zavodun bağlanmağından getmir. Söhbət ondan gedir ki, sizin qazandığınız pul maaşınıza çatmır. Biz də ona görə çabalayırıq ki, necə edək ki, Yen il qabağı sizin maaşınızı verək. Çünki 12 ildə sizin maaşınız 1 gün də gecikməyib. Maaşınızın verilib-verilməyəcəyi sizin məsələ deyil, bizim məsələdir. Çalşırıq elə edək ki, siz bu çətinlikləri hiss etməyəsiniz”.
MİA.AZ