Deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında işəgötürənlə Həmkarlar İttifaqları təşkilatları arasındakı münasibətlərdən danışıb.
Mia.az Redaktor.az-a istiandla xəbər verir ki, o, təəssüflə bildirib ki, bu günləri Həmkarlar İttifaqları təşkilatları əhali arasında işçilərin hüquqlarını müdafiə edən təşkilatlardan daha çox Həmkarlar İttifaqları təşkilatlarının üzvü olan şəxslərə maddi yardım ehtiyac olduqları halda və müalicə müəssisələrinə göndərişlər verməklə assosiasiya olunur.
"Çox təəssüf ki, tez-tez rastlaşırıq ki, işçilərin hüquqları pozulur və həmkarlar ittifaqları onların hüquqlarının müdafiəsi istiqamətində zəruri addımları ata bilmirlər. Bir çox hallarda idarə və müəssisə təşkilatlarda həmkarların sədrləri həmin orqanların rəhbərləri tərəfindən müəyyən olunur və çox təəssüf ki, onların tapşırığı əsasında "fatı qalx, fatı otur" prinsipi ilə fəaliyyət göstərirlər. Hətta iş o yerə çatıb ki, işçilər, hətta xarici şirkətlər tərəfindən belə gecə saat 12-yə qədər bir çox hallarda işlədilir və onlara əmək haqqı verilmir. Yəni onların hüquqları ciddi şəkildə pozulur. Bir çox hallarda işçilər çox asanlıqla işdən çıxarılırlar. Reallıqla barışmış işçilər isə nə həmkarlara, nə də məhkəmələrə müraciət etmirlər. Bir çox hallarda, çünki işə bərpa ilə əlaqədar məhkəmə qərarları belə icra olunmur. Ona görə də həmkarlar ittifaqlarının işçilərin hüquqlarının qorunmasında fəal iştirakını təmin etmək üçün onlara ciddi siyasi dəstək verilməli olduğunu düşünürəm.
Son vaxtlar mənim şəxsən ünvanladığım bütün müraciətlərə qanunla nəzərdə tutulmuş müddətdə və əhatəli yazılı formada cavablar verilir. Və şikayətdə göstərilən xüsusatlar əgər əsaslıdırsa, onların hüquqları bərpa olunur. Hesab edirəm ki, həmkarlar ittifaqlarının fəaliyyətini gücləndirmədən bu sahədə biz nöqsanları aradan qaldıra bilməyəcəyik", - deyə millət vəklili vurğulayıb.
Q.Həsənquliyev qeyd etdi ki, müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində siyasi partiyaların və dini qurumların fəaliyyətinə yol verilmir:
"Qanunun bu tələbinə də real həyatda əməl olunmur. Biz bilirik ki, burada müəssisələr deyəndə həm də elmi-təhsil müəssisələri nəzərdə tutulur. Amma elmi-təhsil müəssisələrində siyasi partiyaların yerli strukturları var. Vaxtilə "Siyasi partiyalar haqqında" qanun qəbul olunanda da, "Dövlət qulluğu haqqında" qanun qəbul olunanda da söyləyirdim ki, dövlət qulluqçuları heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. Çox təəssüf ki, o zaman bu təklif qəbul olunmadı. Dövlət qulluğu haqqında qanunda qeyd olunur ki, dövlət qulluqçusu öz vəzifələrini yerinə yetirərkən heç bir siyasi fəaliyyətlə məşğul olmamalıdırlar.
Amma iş vaxtından sonra onların da iş yerlərində hansısa siyasi tədbirlər keçirilməsinə hər hansı bir məhdudiyyət qoyulmur. Ona görə, yəni bu prinsip ki, burada biz qeyd etmişik ki, siyasi partiyaların fəaliyyətinə icazə verilmir, eynilə də o dövlət idarə, müəssisə, təşkilatlarında, yəni dövlət orqanlarında, dövlət qulluqçularının çalışdığı yerlərə də şamil olunmalıdır".