Bu gün ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin səmərəli təşkili və məktəb-valideyn əməkdaşlığında məmnunluq hissinin yaradılması çox böyük əhəmiyyət kəsb edir.

Bu baxımdan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “ Ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin təşkili barədə ”02 iyul 2025-ci il tarixli 3-29/3-2-419F/2025- nömrəli əmrinin 2.7 maddəsində nəzərdə tutulmuş “Valideynlərin ümumi təhsil müəssisələrindən məmnunluq göstəricilərində artıma nail olunması” barədə əsas istiqamətlər müəllim-şagird münasibətləri və məktəb-valideyn əməkdaşlığını “İl çərçivəsi” üçün əsas hədəf kimi təsdiqləyir.

Əmrə uyğun olaraq ümumi təhsil pilləsi üzrə təsdiq olunmuş hədəflərin icrası üçün məktəbimizdə fəaliyyət planı hazırlamışıq. Uğurlu işlərimiz davam edir.

Yaxın günlərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin razılığı ilə “Ümumtəhsil məktəblərində müəllim-şagird münasibətlərinin səmərəli təşkilinin pedaqoji əsasları” mövzusunda “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə fəlsəfə doktoru proqramının doktorantı, ADPU-nun tarix-cağrafiya fakultəsinin dekan müavini Kərimova Elvira Haqverdi qızının dissertasiya işi ilə bağlı məktəbimizdə eksperiment aparmasına icazə verilmişdir.

Təhsil üçün faydalı olan elmi-tədqiqat işi aparılacaq 5 məktəbdən biri olmağımız çox qürurvericidir. Buna görə pedaqoji kollektivimiz adından Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərova və Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri, hörmətli Bəhruz Nəbiliyə təşəkkür edirik.

Elyanə Kərimova,

İmişli rayon Cəfərli kənd Fazil Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

MİA.AZ