13 dekabr 2025-ci il tarixində Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Universitet Liqası çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Bilik Kuboku” layihəsinin final mərhələsi keçirilib.
Mia.az xəbər verir ki, yüksək səviyyədə təşkil olunan final mərhələsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, eləcə də bir sıra ali təhsil müəssisələrinin rəhbər nümayəndələri və intellektual oyun həvəskarları iştirak ediblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən final turunun yekunlarına əsasən, Azərbaycan Tibb Universitetinin “Old School” komandası I yerə, Bakı Dövlət Universitetinin “Spictorium” komandası II yerə, Azərbaycan Tibb Universitetinin “Vastator” komandası isə III yerə layiq görülüb.
Qalib komandalar kubok, medal və digər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və ali təhsil müəssisələri arasında intellektual fəaliyyətin təşviqi, gənclərin bilik və analitik düşüncə bacarıqlarının inkişafı baxımından əhəmiyyətli olub.
Xəzər İntellektual Gənclər Klubu olaraq 2026-cı ildə də gənclər arasında intellektual oyunların inkişafına yönəlmiş yeni layihələrin həyata keçirilməsini davam etdirəcəkdir. Qeyd edək ki, 2026-cı ildə milli hərəkatımızın 25 illik yubiley ilidir.