Əli CABBAROV
***
Ağ xalatlı həkim olmaqla insanları can sağılığına yenidən qovuşdurmaq nə qədər xoşniyyətli iş olsa da, özünü guya cərrah sayıb, əslində isə bir cəllad əməlləri ilə dinc insanları da hər gün, hər gecə kəsib doğrayanlar cəhənnəmin bu dünyadakı qara mələkləri kimi bir o qədər də kirli və qanlı əlləri ilə nifrətlə xatırlanırlar.
Dördüncü ili başa çatmaqda olan Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü guya cərrahiyyə əməliyyatı adlandıran bu ölkənin baş həkimi, əslində, son 300 illik varsilik ənənəsinə sadiq qalıb hələ orta əsrlərdə qoyunotaran monqollara baş əyərək 250 ildən artıq əsarətdə yaşamış xalqının qisasını onunla birgə yaşamış qardaş və qonşu xalqlardan çıxmaqla özünü “ən dəqiq cərrah” adlandırmaqdan da belə çəkinmir.
Əsl həkimlər öz missiyası ilə istənilən yerdə və ölkədə, eləcə də istənilən vəziyyətdə sərhədsiz, xoşməramlı səfir kimi son anda insanların imdadına çatan ən gözəl peşə sahibidirlər. Sağalmaz yaraları kəsib atan cərrahların işləri, bu mənada, daha çətin olub, insan bədənini işğal edən xəstə toxumaların daha da böyüməməsi üçün ayrıca bilik və bacarıq tələb edir. Ancaq, “hər qonşudan torpaq qoparmaq xəstəliyi” diaqnozu ilə təhlükəli bir infeksiyaya yoluxmuş birisi varsa onun nə intensv terapiya, nə də cərrahi müdaxilə ilə sağalacağını gözləmək vaxt itirmək olardı. Həmin xəstəni elə öz baş həkiminə həvalə edərək, giriş-çıxış qapılarını möhkəm-möhkəm bağlamaqla ondan uzaq durmaq bu günkü geostrateji təbabətdə şimal qonşumuz üçün ən yaxşı stasionar müalicə metodudur.
Dünyanın yarısını taxılla təmin edən Ukraynanın bugünkü vəziyyəti, burada yaşayan sivil insanların faciələri, dağıdılmış şəhərlərin və infrastrukturun görüntüləri “rus dilini qorumaq” bəhanəsi ilə ona hücum edən şimal ayısının pəncələrinin nə qədər qanlı olduğunu bir daha göstərir. İmkan düşdükcə öz ölkəsinin sərvətlərini talayıb xaricə köçürən bu oliqarx dövlətinin ötən yüzillər ərzində Alyaskadan Əfqanıstana, Vyetnamdan Vilnüsə, Praqadan Dəməşqə qədər bütün Avrasiyada, hətta vaqnerçilərinin Afrikada qırğınlar törətməklə apardığı “cərrahiyyə əməliyyatları”nın yaraları hələ də qanamaqdadır. Bir vaxtlar özünü dünyanın ən humanisti olduğunu 14 yaşlı pionerlərə inandırmış bu dırnaqarası böyük qardaş yüz illər boyunca sərvətlərini talayıb mənimsədiyi qonşu xalqların içərisinə öz köstəbəklərini yeritməklə zaman-zaman açıq qırğınlar törətmək, “qardaşlıq və beynəlmiləlçilik yardımı” pərdəsi ilə birbaşa silahlı ordu yeritmək, dövlət çevrilişlərinə cəhd etmək və legitim hakimiyyəti devirmək kimi “açıq transplantasiya əməliyyatları”ndan da çəkinməmişdir. İş o yerə çatmışdır ki, dünyanın az qala altıda birini mənimsəmiş bu ölkə, sərhədlərinin heç yerdə bitmədiyini, “tak çto” kəlməsi işlənən hər yerin məhz onlara məxsus olduğunu da iddia etməkdən utanmır.
Əsassız iddialar sonsuz olsa da görünür ki, “baş həkimin” bəhanə üçün artıq “variantları” qalmamışdır. Aqressiv siyasətini hər zamankı adəti üzrə “müdafiə”, “xilasetmə”, “ xüsusi əməliyyat” adı ilə ört-basdır edən işğalçı dövlətin başçısının bu dəfə də beynəlxalq siyasət leksikonuna daxil etdiyi “cərrahi müdaxilə” ifadəsi, bu mənada, görəsən köhnə sovetlərdən qalmış yöndəmsiz texnikasının artıq Ukrayna bataqlıqlarında dəmir yığınına çevrildiyi bir zamanda daha iti cərrah bıçağı ilə yeni ərazilərin dərisini soymaq mənası daşımır ki!? Nüvə müharibəsi formasında bu bir çoxları, xüsusən Avropa üçün çox dəhşətli səslənsə də, hər an hər kəs üçün hər cür təhlükə gözlənilə bilər. Cünki, rus şovinizminin iç üzünü tam çılpaqlığı ilə açan bu son müharibəyə qədərki yaxın on illərdə bu iti bıçağın qurbanlarını kimlər görməyib ki?! Belə ki, tarix boyu ənənəvi rus siyasi dilində adi kəlmə kimi qəbul olunmuş “xilasetmə”, “dost xalqa yardım”, “referendum yolu ilə tərkibə qəbul etmə”, “sərhədləri qorumaq” kimi məkrli ifadələr əslində sərhədlərin dəyişməsi və bundan sonra minlərlə və milyonlarla dinc insanın qarşılaşdığı faciəli həyat olmuşdur. XVIII əsrdəki Rusiya-Osmanlı müharibələri və nəticədə “pravoslavların müdafiəsi” adı altında Krımın, Qara dəniz sahillərinin işğalı, Azərbaycanı iki yerə bölmüş olan Gülüstan və Türkmənçay müqavilələri, “yerli xalqların təhlükəsizliyini təmin etmək” və “mədəniyyətə gətirmək” bəhanəsi ilə Şimali Qafqaza təcavüz və buradakı 100 ilə yaxın davam edən müharibə nəticəsində yüz minlərlə çeçen, avar, ləzgi, çərkəzin qətlə yetirilməsi və ya köçürülməsi bu qanlı əməllərin bir hissəsidir. Belə ki, təkcə XIX əsrdəki Çərkəz soyqirimi zamanı 1 milyona yaxın çərkəz qətlə yetirilmiş və ya məcburi sürgün edilmişdi.
XIX əsrin sonları və XX əsrin əvvəllərində qardaş Orta Asiya xalqları da rus çarizminin “cərrahiyyəsi”ndən öz nəsibini alıblar. Türkmənistan, Özbəkistan və Tacikistan ərazilərinin işğalı zamanı minlərlə yerli sakinin qətlə yetirən bu cəllad cərrahlar 1881-ci ildə rus işğalına qarşı dirənən Türkmənistanda qanlı Göytəpə qətliamına imza atdılar.
2014-cü ildən bəri Donbasda özünəxas “quruculuq işləri” aparan “cərrah”lar hələ XX əsrin əvvələrindən başlayaraq Ukraynada törətdikləri süni aclıqda 3-4 milyon ukraynalının ölümünə səbəb olub, 1932-1933-cü illərin “Qolodomor”u ilə tarixə düşdülər. Bununla yetməyən rus rejimi 1940-cı ildə Baltik ölkələrini işğal edib, 1956-cı ildə Macarıstanı və 1968-ci ildə Çexoslovakiyanı da qana buladılar. Lakin hələ buna qədər, sözdə faşizmə qarşı mübarizənin guya flaqmanı olduğunu iddia edib bununla da qürrələnən Moskva elə bu paytaxt şəhərindəcə 23 avqust 1939-cu ildə imzalanmış və Avropanı bölmək məqsədi daşıyan bədnam Molotov-Ribbentrop müqaviləsini nədənsə heç dilinə də gətirmir. Dərhal sonra Polşanın işğalına səbəb olmuş məhz bu addım 1937-1938-ci illərdə rus olmayan xalqların ziyalılarını yox etməyə yönəlmiş repressiyalardan sonra 1939-1945-ci illərdə 50 milyon insanın ölümünə səbəb olmuş faşistlərlə birgə zərgər dəqiqliyi ilə hazırlanmış bir “cərrahiyyə əməliyyatı” idi.
1979-1989 - ci illər Əfqanıstan müharibəsi, yaxud o zaman insanların beyninə yeridilən “dost xalqa yardım” adı altında başladılan “beynəlmiləl borc”un yerinə yetirilməsi zamanı 1 milyondan çox mülki insan həlak oldu, 6 milyondan çox insan qaçqın düşdü, yerli əhaliyə qarşı kimyəvi silahlar istifadə olundu, eləcə də aralarında xeyli sayda azərbaycanlı da olmaqla 15 mindən çox əsgər lazımsız yerə özgə torpaqlarında həlak oldu. Biabırçı məğlubiyyətlə bitən bu “cərrahi müdaxilə” yaxın 50 ildə rus elitasının qonşulara qarşı ən qanlı əməllərindən biri olub, 70 illik qırmızı imperiyanın da dağılmasını sürətləndirdi.
Ancaq milyonların ölümünə səbəb olmuş bu imperiyanın özü öldüyündə də insanlara yeni bədbəxtliklər də gətirdi. 1986-cı il Qazaxstan hadisələri, daha sonra 1988-ci ildə Minskdə, 1989-cu ildə Tbilisidə, və 1990-cı ilin 20 yanvarında Bakıda, yenə həmin il Düşənbədə, 1991-ci ildə Vilnüs və Riqada baş verənlər can çəkən imperiyanın ətrafına qusduğu qanlı damçıların gətirdiyi bəlalar idi. Bütün bunlar indi Ukraynadakı davam edən qanlı “xüsusi əməliyyat”a qədər “baş həkimin” praktiki təcrübəsi kimi ruslarla qonşuluqdan əziyyət çəkən xalqların yadında qaldı.
SSRİ dağılandan sonra özünə gəlmiş “rus həkimi” ilk siftəsini elə Moskvanın özündə, 1991-ci ilin avqustunda, ozamankı ifadə ilə desək “QKÇP” adı ilə törədib, ölmüş kommunizmi diriltmək üçün rus cəmiyyətində gedən Qərbləşmə və demokratikləşməni boğmaq hədəfi daşıyırdı.
Daha sonrakı dövrdə qanlı pəncə bu dəfə ermənilərin əli ilə yenidən Azərbaycana uzandı. 1992-ci ilin fevralında 366-cı rus motoatıcı alayı ermənilərlə birgə yaxın tarixin ən qanlı səhifəsinə, Xocalı soyqırımına imza atdı. Ardınca 1994-2009-cu illərdəki iki çeçen müharibəsində və 2008-ci ildə Gürcüstana müdaxiləsində rus “təbabəti” torpaq hərisi olan xəstə cəmiyyətinin dərmanını yenidən özgə torpaqlarda axtarmağa başladı. 2011-2024-cü illərdə Suriyanı xarabazara çevirən vətəndaş müharibəsində əliqanlı Əsədi ayaqda saxlayan da məhz bu rejim, onun “baş həkimi” idi. Ümumilkdə, indi Ukraynada davam “cərrahiyyə əməliyyatı” na qədər “sülsevər” rus mədənyyəti 30 ildən ardıq müddətdə Qarabağda və eləcə də Gürcüstanda iki, Moldovada bir separatist qurumun birbaşa siyasi və hərbi dəstəkçisi oldu. Beləliklə, 1988-ci ildən ermənilərin başlatdığı mənfur təcavüzdə məzh rus silahı və siyasi dəstəyi ilə on minlərlə Azərbaycan vətəndaşı qətlə yetirildi.
Ancaq müasir Azərbaycanın siyasi nüfuzu, hərbi və iqtisadi gücü qarşısında rus “cərrahı” bütün Cənubi Qafqazda işsiz qalıb. Artıq 200 ildən artıq davam etmiş rus işğalı sona çatmış və ölkəmiz tam suverendir. Azərbaycan öz ərazi bütövlüyün tam təmin edəndən sonra 2024-cü ilin iyununda sonunucu rus “sülhməramlısı” öz evinə göndərildi və onları burada gördükləri gözəl günlərdən sonra onları böyük ehtimal ki, Dnepr sahillərindəki bataqlıqlarda ölüm gözləyir. Yenə də özgə torpaqlardakı qanlı əməliyyatların səbəb olacağı qara ləkəli ölüm!
...Şimal qonşumuz quldur acgözlüyü, cəllad amansızlığı ilə nəticələnmiş bütün bu qanlı tarixinə nə qədər “zərgər dəqiqliyi” donu geynidirsə də faktiki olaraq bu gün dünyanın gözü qarşısında acımasızca qardaşını yox etməyə davam edən bir “cərrah” var. Okeanın o tayından it kimi qorxan bu “cərrah”ın bıçağının qorxusuna düşmüş qoca Avropanın dərdi isə əməliyyat sırası ona çatmamış bu müharibəni bitirmək, özünü qorumaqdır. Təkcə iqtisadi deyil, eləcə də siyasi və hərbi cəhətdən artıq çoxdan ABŞ-dən asılı düşmüş Berlin-Moskva-Berlin arasındakı köhnə haqq-hesab harda bitər, demək çətindir, amma artıq torpaqlarının 20 faizini itirmiş Ukrayna üçün “baş cərrah”ın dünyanı işğal etmək arzularını mütləq ğözündə qoyacaq həmin böyük qələbəyə aparan yol hələ çox uzun görünür.
Bütün dünyanın azadlığı üçün savaşan qəhrəmanlara eşq olsun!
MİA.AZ