Əliş Şirinov,
ADNSU Energetika fakültəsinin magistri
***
Giriş.
Laçın şəhəri həm coğrafi-strateji mövqeyi, həm də zəngin mədəni və təbii resursları ilə Azərbaycanın Cənubi Qafqazdakı əhəmiyyətli bir qovşağıdır. 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi Laçının son 5 ildəki bərpa və inkişaf yoluna xüsusi simvolik məna verir. Məqalə Laçında müharibədən əvvəl və sonrakı dövrlərdə enerji sahəsində görülən, həmçinin, müasir şəhərsalma və ekoloji prinsiplərə əsaslanan işləri araşdıraraq şəhərin geosiyasi əhəmiyyətini, o cümlədən, enerji potensialını işıqlandırır. Eyni zamanda “Yaşıl enerji zonası” konsepsiyası çərçivəsində şəhərin gələcəkdə regional enerji mərkəzinə çevrilməsi perspektivləri, bununla yanaşı mədəni irsin dirçəldilməsi və əhalinin geri dönüşünə təsiri diqqətə çatdırılır. Laçının strateji mövqeyinin yaratdığı yeni imkanlar – sərhədyanı enerji dəhlizləri, alternativ enerji mənbələrinin inkişafı və şəhərin mədəni tədbirlər üçün cazibə mərkəzinə çevrilməsi xüsusilə vurğulanır.
Əsas hissə
Cənubi Qafqazın dağlıq və mürəkkəb relyefli bölgəsində yerləşən Laçın şəhəri əsrlər boyunca ticarət marşrutlarının və mədəniyyətlərin kəsişdiyi məkan olub. Şəhərin coğrafi mövqeyi Azərbaycanın əsas hissəsini Qarabağ bölgəsinə və Ermənistanla sərhədlərə bağlayan əsas yol üzərində yerləşməsi onu strateji baxımdan xüsusi statusa qaldırır. Əvvəllər Laçın dəhlizi kimi tanınan bu magistral xətt tarixən İpək Yolunun mühüm qolu olmuş, bu gün isə Cənubi Qafqazda kommunikasiya, enerji xətləri və yükdaşımalar üçün “kilid” funksiyasını daşıyır. Laçının geosiyasi əhəmiyyəti yalnız nəqliyyatla məhdudlaşmır. Bu ərazi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının qovuşduğu nöqtədə yerləşməklə regionun enerji və logistika infrastrukturunda körpü rolunu oynayır. İşğaldan azad olunduqdan sonra burada aparılan bərpa və “Yaşıl enerji zonası” layihələri Laçını gələcəkdə alternativ enerji və sərhədyanı əməkdaşlıq mərkəzinə çevirməkdədir. Hazırda Laçın Azərbaycanın şimal-qərbində, Qarabağ və Şərqi Zəngəzur bölgələrini birləşdirən coğrafi körpü olmaqla yanaşı, həm də “Böyük Qayıdış” proqramının mərkəz nöqtələrindən biridir. Şəhərdə yeni infrastrukturlar – hava limanı, elektrik stansiyaları və yarımstansiyaları, yol və sosial obyektlər bərpa olunur və bu, sakinlərin geri dönüşünü, iqtisadi fəaliyyətin dirçəlməsini sürətləndirir. Mədəniyyət, turizm və tarix baxımından da Laçın yeni bir başlanğıca imza atır. Dağıdılmış tarixi abidələrin bərpası, mədəni tədbirlərin təşkili, irs və özünəməxsus mədəni simvolların qorunması regionun sülh və bərpa prosesi ilə paralel inkişaf edir. MDB-nin 2025-ci il mədəniyyət paytaxtı statusu Laçına həm simvolik, həm də konkret diplomatik və turistik çəkicilik qazandırır. Belə ki, Laçın həm enerji, həm nəqliyyat, həm də mədəniyyət sahələrinin kəsişdiyi, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi mövqeyinin təcəssümü olan bir qovşaqdır.
2020-ci ilin sentyabrın 27-dən etibarən başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsi uzun illər aparılmış məqsədyönlü siyasətin nəticəsi oldu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik məharəti, dəmir iradəsi, prinsipiallığı və ordumuzun şanlı zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülməklə 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə başladı. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan ölkə başçısının Laçın rayonuna mütəmadi səfərləri zamanı ilkin olaraq məhz enerji infrastrukturunun yenidən qurulmasının vacibliyini önə çəkərək, “Güləbird” Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının təməlini qoydu. Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik Stansiyaları tam yenidən qurularaq istifadəyə verildi. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik Stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik Stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində gücü 3,1 meqavat olan “Aşağı Malıbəyli” və gücü 3,5 meqavat olan “Mirik” SES-lərini inşa edərək ən müasir avadanlıqlar və optik kabel xətləri ilə təchiz etmiş və hər iki stansiyanı ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiyasını təmin etmişdir. Hal-hazırda şəhərdə gücü 65,5 MVt, illik 194 milyon kilovatt·saat istehsal potensialı olan 9 SES fəaliyyət göstərir.
Laçında aparılan genişmiqyaslı quruculuq işləri, enerji bərpa layihələri, şəhərsalma və yeni yaradılan şəraitlər müasir ekoloji və urbanizasiya prinsiplərinə dayanmaqla bərabər həm də yüksək zövq və keyfiyyətlə həyata keçirilir. Təsadüfi deyil ki, şəhərin baş planının layihəsində təbii yaşıllıqlarla əhatələnmiş, tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilmiş və 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına başlanılmışdır. Bununla yanaşı şəhərdə çoxmənzilli yaşayış binaları, məktəb, xəstəxana, muzey, mədəniyyət və turizm obyektləri inşa edilərək sakinlərin istifadəsinə verilmişdir.
Qarabağın təbii gözəllikləri fonunda Laçının turizm potensialı xüsusi diqqət mərkəzindədir və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə mühüm addımlar atılır. 2025-ci ildə açılışı olan “Laçın İstirahət Kompleksi” həm yerli vətəndaşlarımız, həm də xarici turistlər üçün yüksək standartlı xidmət təqdim edərək öz qonaqlarını razı salmağı bacarır. Mehmanxana, kotteclər, konfrans və ziyafət zallarından ibarət bu məkanda yüzlərlə insan işlə təmin olunmuşdur. Laçında turizm infrastrukturuna çaykənarı bulvar, asma körpü, çimərlik, göl və kanat yolu da daxildir. Bu layihələr əhalinin istirahətini təmin etməklə yanaşı, həm də turizmin inkişafına təkan verir. 2023-cü ildə istifadəyə verilmiş “Hoçazfilm” yaradıcılıq studiyası da Qarabağın audiovizual mərkəzinə çevrilməkdədir. Burada çəkiliş pavilyonları, inzibati binalar yaradılmış, yerli və xarici film istehsalçıları üçün müasir şərait təmin olunmuşdur. Studiyanın fəaliyyəti Laçını gələcəkdə regional mədəniyyət mərkəzinə çevirmək gücünə malikdir.
2025-ci ildə Laçının beynəlxalq statusda gücünün artmasına səbəb olan əsas amillərdən biri də onun, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması idi. Sözsüz ki, şəhərdə turist axınının böyüməsi, tarixi abidələrimizə və mədəni obyektlərimizə baş çəkəcək kütlənin artması ölknənin mehmanxana, restoran, nəqliyyat kimi xidmətlərinin genişlənməsinə səbəb olacaqdır. Mədəni proqramlar – konsertlər, sərgilər, festivallar daha çox təşkil olunacaq, bu da istər yerli, istərsə da əcnəbi incəsənətçilər və sənətkarlar üçün yeni imkanlar yaradacaq. Nəticədə mədəni həyatın zənginləşməsi, həm də yerli cəmiyyətin öz mədəniyyətə bağlılığının güclənməsi deməkdir. Bundan başqa, iqtisadi tərəfdən yanaşsaq görərik ki, yuxarıda adları çəkilən xidmət sahələrinin hər biri ayrı-ayrılıqda yeni iş yerləri imkanlarıdır. Şəhər sakinlərinin işlə təmin olunma faizinin yüksəlməsi də yerli iqtisadiyyata müsbət təsir edəcəkdir.
Sadlanan mühüm kütləvi tədbirlər enerji təlabatını artıracağı üçün Laçın enerji şəbəkəsinin gücləndirilməsi və etibarlılığının təmin olunması vacibdir. Yarımstansiyaların, ötürücü xətlərin gücləndirilməsi, enerji fasilələrinin aradan qaldırılması üçün investisiyalar lazım gələcək. Paytaxt statusu “yaşıl enerji” təşəbbüslərinin sürətlənməsinə stimul ola bilər. Günəş, külək və kiçik hidroelektrik stansiyalarının istifadəsi daha çox təşviq edilə bilər və bu da nəticə etibarilə enerji istehsalında ekoloji təmiz və davamlı modellərin inkişafına yol açacaq. Laçının yerləşdiyi coğrafi məkanın yaşıl enerji potensialının araşdırılması nəticəsində məlum olmuşdur ki, ərazidə hidroenerjidən əlavə geotermal mənbələr də mövcuddur. Bölgənin relyef və iqlim şəraiti burada külək enerjisindən geniş istifadəyə də imkan verə bilər. Bütün bunlar ölkənin apardığı dayanıqlı yaşıl enerji strategiyasına öz mühüm töhfəsini verəcəkdir. Gələcəkdə Laçın şəhəri “Yaşıl enerji zonası” konsepsiyasının əsas fiqurlarından birinə çevriləcəkdir.
Diplomatik və regional əməkdaşlıq müstəvisində MDB ölkələrinin daxilində mədəniyyət paytaxtı kimi Laçın diplomatik mübadilə və əlaqə mərkəzinə çevrilə bilər. Rəqib və tərəfdaş ölkələrdən nümayəndələr, səfirlər, təşkilatlar gələcək tədbirlərdə iştirak etmək üçün müxtəlif təşəbbüslər irəli sürürlər. Region ölkələri (Türkiyə, İran, Gürcüstan və s.) ilə mədəniyyət və turizm sahəsində planlı layihələr, ortaq festival və sərgilər həyata keçirilə bilər. Bu, Cənubi Qafqazda Laçının mədəni əlaqələrinin rəmzinə, həmçinin, sülh və əməkdaşlıq simvoluna çevrilməsinə kömək edəcəkdir.
Laçının müharibədən sonrakı inkişafı göstərir ki, enerji infrastrukturu ilə mədəni həyat bir-birini tamamlayan sütunlar rolunu oynayır. Şəhərin MDB mədəniyyət paytaxtı statusu və yaşıl enerji layihələri gələcəkdə onun həm iqtisadi, həm də mədəni güc mərkəzinə çevrilməsini təmin edəcəkdir. Bu, təkcə Laçın üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni bir inkişafın ideal modelidir.
MİA.AZ