Azərbaycanla Türkiyənin hərbi, siyasi əməkdaşlığı artıq bir nümunədir.
Mia.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunda deyib.
O qeyd edib ki, regionun siyasi mənzərəsi köklü şəkildə dəyişib: "Bir sıra istiqamətlər var ki, burada biz Türkiyə ilə sıx şəkildə əməkdaşlıq etməliyik. Hazırkı mərhələdə maksimum çalışmalıyıq ki, siyasətin əsas elementləri bir-birinə bənzər olsun. Cənubi Qafqazdakı vəziyyət, Ermənistanla normallaşma prosesi davam edir. Bu yaxınlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana gəlib. Ermənistanda indi sülhdən danışırlar, ancaq bunun arxasında da Azərbaycanın qələbəsi dayanır. Bu qələbə olmasa, onlar sülhdən danışmazdı. 2019-cu ildə Ermənistanın lideri "Qarabağ Ermənistandır" deyirdi. Bunları unutmaq olmaz".
F.Şəfiyev Qərbdən olan təzyiqi də vurğulayıb: "Birinci məsələ Zəngəzur dəhlizi, ikincisi isə Türk dünyası ilə bağlıdır. Mərkəzi Asiyaya da müxtəlif geosiyasi güclər tərəfindən təzyiq var, ona görə də biz birgə koordinasiyalı şəkildə işimizi aparsaq, öz məqsədlərimizə nail ola bilərik. Üçüncü məsələ Yaxın Şərqdir. Azərbaycan bu məsələdə Türkiyə ilə birgə iş aparır - Suriya, Qəzza, İsrail məsələsində. Burada da bəzi qüvvələr məqsədli şəkildə əleyhimizə yalan məlumat yayırlar. Ancaq Azərbaycan həmin bölgələrə əlindən gələn yardımı göstərməyə çalışır. Çox mütəşəkkil şəkildə media sahəsində müxtəlif diversiya ilə məşğul olan qüvvələr var. Onların yaydığı məlumatlardan çəkinmək lazımdır".
F.Şəfiyev əlavə edib ki, Azərbaycan-Türkiyə Beyin Mərkəzləri Forumunu vacib məsələlərin müzakirəsi üçün bir platformaya çevirmək və bundan sonra da davam etdirmək niyyətindədirlər(report).