Vəhdət Partiyasında "qazan qaynayır".

Mia.az xəbər verir ki, partiya sədrinin müşaviri Cümşüd Nuriyevin sabiq sədr Tahir Kərimlini sosial media hesabında "vurması" daxildə gərginlik yaradıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, bunu nəzərə alan Tahir Kərimli təxminən 30 il rəhbərlik etdiyi partiyanı bu ilin iyun ayında qalmaqallı iş adamı Adəm İsmayıl Bakuviyə təhvil verməsinə baxmayaraq, "ayağa qalxıb": "Tahir Kərimli Ali Məclisin bir neçə üzvünü də səfərbər edərək, Cümşüd Nuriyevin partiyadan xaric edilməsini tələb edib. Məsələ artıq partiyanın müvafiq qurumunda müzakirə olunur. Sədr Adəm İsmayıl Bakuvi qalmaqalı yatırmaq istəsə də, buna nail ola bilməyib. Ona açıq şəkildə deyilib ki, dirənərsə, partiya sədrliyi məsələsini də gündəmə gətirə, hətta erkən qurultayla onu da yola sala bilərlər. Bir sözlə,  partiyada artıq Adəm İsmayıl Bakuvinin sədrliyi də təhlükə altına düşüb...".

Mia.az-a verilən məlumatı partiyanın bir az əvvəl yaydığı bəyanatda qismən təsdiqləyir. Bəyanatda Partiya sədrinin müşaviri Cümşüd Nuriyevin paylaşımına (həmin paylaşımı aşağıda olduğu kimi təqdim edirik - Mia.az) Partiyanın Nizamnaməsini və partiya etikasını kobud şəkildə pozmaqda ittiham olunub: 

"Cümşüd Nuriyev gözdən salma və Partiyanı içdən sarsıtma kompaniyasına rəvac verib. Onun Vəhdət Partiyasının üzvü olmasını və hansı rayon (şəhər) təşkilatında qeydiyyata durmasını müəyyən etmək mümkün olmadı. Aydınlaşandan sonra müvafiq hüquqi prosedur həyata keçiriləcək. Eyni zamanda Baş Məclis mövcud ştat cədvəlini hələ də təsdiq etmədiyindən həmin müşavir vəzifəsi hüquqi statusa malik deyil. Yuxarıdakıları əsas tutaraq, VP Baş Məclinin sədri və müavini, MNTK-nın bütün üzvləri hesab edirlər ki, Cümşüd Nuriyevin Partiyaya vurduğu ziyan dözülməzdir. Partiyada onun hüquqi vəziyyəti aydınlaşana kimi iddia etdiyi vəzifəni icra etməsi qəbuledilməzdir”.

Bəyanat Vəhdət Partiyasının Baş Məclisinin sədri Tahir Kərimli, müavini Fəxrəddin Ağazadə, MNTK sədri Etibar Səmədov və üzvləri tərəfindən imzalanıb.

Partiya sədrinin mövqeyini öyrənməyə çalışacağıq.

F.ƏHMƏD

MİA.AZ