Sosial Tədqiqatlıar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc bu gün parlamentdə çıxış edib.
Mia.az həmin çıxışı olduğu kimi təqdim edir:
***
Dünya dövlətlərinin 2026-cı il büdcə planlaşdırmasını ümumiləşdirsək, üç tendensiya aydın görünür: tarif və ticarət savaşları güclənib, iqtisadi embarqolar artıb, hərbi və təhlükəsizlik xərcləri daha da böyüyüb.
Dünya Ticarət Təşkilatının məlumatına görə, 2024–2025- ci illərdə qəbul edilən ticarət məhdudiyyətləri son 15 ilin ən yüksək səviyyəsinə çatıb. NATO-nun hesabatı göstərir ki, qlobal hərbi xərclərdə illik orta artım 10% səviyyəsindədir. Nəticədə, bir çox ölkələr üçün büdcə siyasəti iqtisadi inkişafdan çox, geosiyasi sabitliyə və təhlükəsizlik risklərindən qorunmağa yönəlib.
Hökumət 82 milyard dollardan artıq strateji valyuta ehtiyatlarının və cəmi 5.1 milyard dollarlıq xarici dövlət borcunun yaratdığı maliyyə təhlükəsizliyi fonunda, növbəti ildə ənənəvi “büdcə artımı” siyasətini davam etdirməyəcək. Xatırladaq ki, 2020-ci ilin pandemiyası istisna olmaqla, 2018–2024-cü illərdə dövlət büdcəsinin illik artım tempi ortalama 6% olub, ayrılıqda 2018-ci ildə 24 faiz təşkil edib.
Deməli, neft hasilatı yüksək səviyyədə qalsaydı belə, dövlətimiz gələn il idarəetmə və institusional islahatları dərinləşdirməkdən, səmərəsiz xərcləri azaltmaqdan, şəffaflığı və hesabatlılığı gücləndirməkdən imtina etməyəcəkdi. Paytaxtdan bölgələrə qayıdış üçün neft gəlirlərinin azalması həm də fürsətdir. Yetər ki, əsas kapitala investisiyaların payını indiki 13 faizdən dəfələrlə artıraq, yüz minlərlə yeni iş yerlərini məhz bölgələrdə yaradaq. Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə investisiya qoyuluşunun ÜDM-dəki payı 47 faizə çatmışdı, 800-dən artıq istehsal müəssisəsi, zavod və fabrik qurulmuşdu.
Ona görə də büdcə layihəsi neftdən fərqli olaraq, tükənməyən Zəfər salnaməsinə, dövlət institutlarının monolitliyinə, ölkə başçısının beynəlxalq nüfuzuna, qlobal tərəfdaşlarımıza, daxili siyasi həmrəyliyə və vətəndaş sülhünə söykənməlidir. O zaman büdcə təkcə rəqəmlər toplusu deyil, həm də xalqın gözlənti və arzularını ifadə edən milli strateji sənədə çevriləcək.
Son iki həftədə büdcə layihəsi ətrafında aparılan media və ictimai müzakirələr ən azı gəlir və xərc maddələri qədər əhəmiyyət daşıyır. 42 milyard manata yaxın böyük maliyyə tutumlu, Gürcüstan və Ermənistanın birlikdə formalaşdırdığı 20,3 milyard dollarlıq büdcəsini 1,3 dəfə, sosial sahəyə ayrılan 10.1 milyard dollarlıq xərclərin Ermənistandakı 2.6 milyardlıq göstəricidən 4 dəfə artıq olan “Bütövlük büdcəsi” ilə bağlı, təəssüf ki, sənəd hələ geniş ictimai müzakirələrə çıxarılmamış əks media məzmunları formalaşdırıldı, hətta hakimiyyətə yaxın təhlilçilər belə inamlı mesajlarda tərəddüd göstərdilər.
Cərimələr, vergi dərəcələrinin artırılması, güzəştlərin ləğvi və ixtisarlarla bağlı sosial mediada gündəlik tirajlanan fərziyyələr sosial bədbinlik yaratmağa, büdcə layihəsini ictimai müdafiədən məhrum etməyə yönəlib. Halbuki əhali ilə kommunikasiyanı gücləndirərək, nailiyyətləri izah etməklə yanaşı, problemləri də açıq söyləməliyik ki, dövlətin siyasəti xarici düşmən tribunalarından qorxulu ssenarilər kimi təqdim olunmasın. Uğurlarımız çoxdur, vətəndaşlarla ünsiyyət platformalarımız isə limitsizdir. Ulu öndər 1993-cü ilin böhranında xalqı dövlət ətrafında şəxsi nüfuzu və inandırma gücü ilə səfərbər etmişdisə, bütövləşən Azərbaycanda müsbət ictimai rəyi formalaşdırmaq 44 müqəddəs gündəki qədər müstəsna əhəmiyyət daşıyır.
8 avqust Vaşinqton Zirvəsi 90-cı illərin “Əsrin neft müqaviləsi” kimi yeni yüzilin tarixi anlaşmasıdır. Razılaşmalar büdcəyə yalnız cari ehtiyaclar üçün deyil, həm də regionu açmaq və qlobal iqtisadi layihələr baxımından yeni yanaşmalar tələb edir. Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq.
Əhalinin illik 100 min nəfər demoqrafik artımı ilə yanaşı, Rusiya–Ukrayna müharibəsi fonunda ölkəyə qayıdanların sayında son 5 ildə 18 yaşdan yuxarı əhali 1,2 milyon nəfərdən çox yüksəlib. Məsələn, 2020-ci ildə 5,2 milyon olan seçici sayı 2024-cü ildə 6,45 milyon nəfərə çatıb. Deməli, uzun illərin emiqrasiya axınında əks proses gedir. Qayıdanların sosial statusu, bacarıq və təcrübə məlumatlarının toplanması, iqtisadi mexanizmlərlə onların doğulduqları bölgələrə yönəldilməsi gərəkdir. Orta illik temperaturun iqtisadi zonalar üzrə fərqli olduğunu nəzərə alıb, sərhəd kəndlərində elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təkcə sosial deyil, həm də təhlükəsizlik əhəmiyyəti daşıyan daxili miqrasiyanı tarazlaşdırar, büdcəyə ciddi itkilər yaşatmazdı.
Gələn il yanacağın qiymətləri ilə bağlı ictimaiyyətdə suallar var. Çünki yol vergisindən daxilolmaların 45,5 milyon manatdan 131 milyon manata çatacağı proqnozlaşdırılıb. Hesablama Palatası satış həcminin dəyişməcəyini bildirirsə, qiymət artımı ehtimalı barədə aydınlıq gətirilməsi iqtisadiyyata müsbət siqnal olardı.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlətin balansında olan 10 minə yaxın qeyri-yaşayış obyektinin yalnız 30 faizinin icarəyə verilməsi iqtisadi rezervləri və büdcə gəlirləri üçün əlavə mənbələri göstərir. Cəmi iki il əvvəl azad olunan Xankəndidəki iqtisadi canlanma modeli bunu təsdiqləyir: əhali məskunluğu aparılmadığı bir şəraitdə 500-dən artıq obyektin sahibkarlara şəffaf qaydada verilməsi real iqtisadi dinamika yaradıb.
Hesablama Palatasının Böyük Qayıdış layihələrində qeyri-büdcə vəsaitlərinin cəlb edilməsi təklifini alqışlayırıq. Azad olunan ərazilərdə 2025-ci ilin 8 ayında nəzərdə tutulan 214 milyon manatlıq layihələrin maliyyələşdirilməməsi sahibkarların və özəl sektorun Qarabağda sərbəst fəaliyyətini zəruri edir. Biznes subyektlərinin pulu ilə alternativ layihələrlə azad torpaqlarda mənzil tikintisinə şərait yaradılması, 10 milyardlarla manat dövlət vəsaitinə qənaətə, hətta xarici kapitalın gəlişinə yol açar.
3 noyabrda Prezident alimlərimizdən yeni gözləntilərini dilə gətirdi-suverenliyimiz şanlı ordumuzdan milli universitet və tədqiqat institutlarının, elm adamlarının üzərinə qoyulur. Bəli, Azərbaycan dövləti İsrailin müasir raketlərini müharibədə uğurla tətbiq edən, Zəfər qazanan tək ölkə kimi onun elm siyasətini də nümunə ala bilər. Coğrafi kiçik bir ölkə elmi-texnoloji məqsədlərə 28 milyard dollar vəsait xərcləyir, 37 müsəlman ölkəsindən birlikdə daha çox sərmaye qoyur. Ona görə də 100-lərlə gənc alimimizin maliyyələşdirilməsi texnofest nəslini yaratmağa, iki tədqiqat universitetini qurmağa kömək edərdi.
Yekunda, bir daha gələcək nəsillərə torpaq işğalını borc yükü kimi saxlamayan dövlətimizə güvənir, Zəfərimizin verdiyi siyasi, iqtisadi və mənəvi güclə büdcə layihəsinin uğurlu olacağına inanır, səslənən faydalı təkliflərin hökumət tərəfindən dəyərləndiriləcəyinə ümid edir və sənədə müsbət səs verəcəyimizi bildiririk.
MİA.AZ