Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin tutduğu vəzifədən azad edilməsindən bir neçə gün keçsə də, onun personası ətrafında başlayan müzakirələr səngimək bilmir.

Nəcəflinin "vurulması" müxtəlif amillərlə əlaqələndirilir. Əsas səbəb kimi onun ölkə rəhbərliyinin etimadını dogrultmaması göstərilir. 

MİA.az bu mövzuda maraqlı məlumat əldə edib.

Hazırda Naxçıvanın idarəçiliyində yaxından iştirak edən məsul şəxslərdən biri saytımıza deyib ki, sabiq xüsusi nümayəndə muxtar respublika üçün xarakterik olmayan həyat tərzi keçirdiyi üçün "vurulub".

Onun sözlərinə görə, bahalı içkilərin masaya düzüldüyü dəbdəbəli məclislər Nəcəfli üçün gündəlik həyat tərzinə çevrilibmiş. Bu isə onunla sadə vətəndaşlar arasında uçurumu daha da dərinləşdirib. 

Mənbə deyib ki, bir ay əvvəl yüksək rütbəli məmurlardan biri muxtar respublikada ezamiyyətdə olub. Həmin gün Nəcəfli ənənəvi məclislərindən birini təşkil etdiyi üçün əvvəlcədən planlaşdırılan rəsmi görüş baş tutmayıb. Bu məsələ hakimiyyətin yuxarı eselonunda müzakirə olunaraq Fuad Nəcəflinin sərt şəkildə cəzalandırılmasına qərar verilib.

Mənbə deyib ki, Nəcəfli vəzifədən azad olunduğuna dair xəbəri tabeliyində çalışan əməkdaşlardan eşidib.

F.SƏFƏRLİ

MİA.AZ