"Avropa İttifaqı (Aİ) daxilində müdafiə hazırlığımızı daha da genişləndirməliyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius Berlin Təhlükəsizlik Konfransında çıxışında artan Rusiya təhlükəsinə münasibətdə deyib.
Nazir bildirib ki, Moskva kiberhücumlar, casusluq, sabotaj və dezinformasiya yolu ilə hamıya qarşı hibrid hücumlar həyata keçirir: "Bunun üçün Avropa daha çox iş görməlidir. Belə bir qaçılmaz dövrə gəlib çıxdıq. Ölkələr yalnız özü üçün deyil, həm də transatlantik balans üçün müdafiəsinə diqqəti artırmaq məcburiyyətindədir. Bu, əlbəttə ki, ABŞ-ın müdafiə mövqeyi tutması demək deyil, əksinə, bu, bütövlükdə ittifaqımızın daha da güclənməsi üçün öz imkanlarımıza etibar etmək və investisiya qoymaq deməkdir. Aİ daxilində müdafiə hazırlığımızı daha da genişləndirməliyik. Artıq Baltik dənizi getdikcə münaqişə zonasına çevrilir. Bu, Putinin bizim çəkindirmə və cavab vermə qabiliyyətlərimizi sınadığı bir ərazidir".
Nazir daha sonra zədələnmiş sualtı kabelləri, hava məkanının pozulması və rus PUA-larının tez-tyez Aİ sərhədlərini pozmasına da toxunub: "Artıq burada təsadüflərdən danışa bilmərik. Bu, bir strategiyadır. Avropa bir neçə il əvvəl heç kimin təsəvvür edə bilmədiyi bir müharibənin kölgəsindədir. Təxminən 1500 gündür ki, Rusiya beynəlxalq hüquqa zidd olaraq Ukraynaya qarşı qəddar təcavüz müharibəsi aparır. Ukrayna yaşaması üçün mübarizə aparır. Lakin o, həm də Avropa uğrunda, təhlükəsizliyimiz üçün mübarizə aparır".
Samir MUSAYEV
MİA.AZ