Noyabrın 5-də Gürcüstanın Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılıb.
Mia.az-a verilən məlumata əsasən, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Kamal Xəlilov, səfirliyin məsul əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan Mədəniyyət Nazirliyinin Mədəni İrs şöbəsinin rəhbəri Salome Jamburia, Bolnisi bələdiyyəsinin meri Zamur Çitanava və digər rəsmi şəxslər, incəsənət və mədəniyyət nümayəndələri iştirak ediblər.
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə
olduğu kimi, mədəniyyət sahəsində də əlaqələr inkişaf edir. Onun sözlərinə görə, bu cür layihələr mədəni əlaqələrin inkişafına böyük töhfə verir.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova ilk dəfə təşkil olunan sərginin açılışını yüksək qiymətləndirib.
O, Milli Xalça Muzeyinin yaradılmasının tarixi zərurəti, əhəmiyyəti, xalçaçılıq sənətinin inkişafı perspektivləri barədə ətraflı məlumat verib.
Azərbaycanın Xalq rəssamı Arif Hüseynov çıxış edərək Gürcüstanda ilk dəfə fərdi sərgisinin açılmasına görə təşkilatçılara təşəkkür edib.
Xalçatoxuma ənənələrinin güclü olduğu, azərbaycanlıların kompakt şəkildə yaşadığı Bolnisi bölgəsində təşkil edilən sərgidə sənətkarın 2024–2025-ci illərdə ərsəyə gətirdiyi 12 rəsm əsəri nümayiş olunur. Bu əsərlər sənətkarın milli adət-ənənələrə, mənəvi dəyərlərə bağlılığını və Azərbaycan mədəniyyətinə sevgisini əks etdirir.
Sərginin diqqətçəkən nümunələrindən biri isə Arif Hüseynovun “İki qəlbin hekayəsi” adlı əsəri əsasında Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunmuş xalçadır. 70 rəng çalarından istifadə olunmaqla ərsəyə gətirilən bu xalça rəssamın əsərinin ilk dəfə xalça sənətinə çevrildiyi nümunədir.
Sərgidə xalçanın yaranma mərhələlərini əks etdirən əsərlər süni intellektlə yaradılan videoçarx vasitəsilə də təqdim olunur.
Layihə çərçivəsində Bolnisi sakinləri və qonaqları üçün Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin əməkdaşları tərəfindən “Xalça necə yaranır?” ustad dərsi keçirilib. Onlar xalçanın hazırlanmasının bütün mərhələlərində – qoyunun qırxılması, yunun daranması, əyrilməsi və xalçanın toxunması proseslərində iştirak ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gürcüstan Mədəniyyət Nazirliyinin və ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi dekabrın 5-dək davam edəcək.
Sərgi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi ilə Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb.