Filologiya fakültəsinə yenicə qəbul olmuşdum. Elə oldu ki, Yasamaldakı Dağlı məhəlləsində dostum Elşadla kirayələdiyimiz həyət evində o vaxt "Ulduz” jurnalında işləyən Nizaməddin Quliyevlə (Mustafa) qonşu olduq. İndi deyəsən, SOCAR-da mətbuat xidmətinin rəhbəridir.
Bir gün Nizaməddin bizdən soruşdu: "Uşaqlar, heç şeir-zad oxuyursuz?” Mən filologiya fakültəsində oxusam da, şeirlə o qədər də aram yox idi, nəsri xoşlayırdım. Elə indi də eləyəm. Amma dostum səhərdən-axşamacan şeir deyir, üstəlik özü də şeir yazırdı. Cavab verdik ki, hə, oxuyuruq. "Müasir şairlərdən kimləri oxuyursuz, uşaqlar?” - Nizaməddinin növbəti sualı məni bir az düşünməyə məcbur etdi. Dostum, deyəsən, Məmməd Arazın adını çəkdi. Nizaməddinin suallı baxışlarının mənə tuşlandığını görüb, hələ orta məktəb illərində ümummilli küyə düşərək o vaxt çox dəbdə olan Bəxtiyar Vahabzadənin bir neçə kitabını aldığımı, hətta bir-iki şeirini əzbərlədiyimi xatırlayıb, onun adını çəkən kimi, Nizamməddin güldü. "Ə, yekə kişisən, Buxtiyar da şairdi...” Çox təəccübləndim, necə yəni Buxtiyar, necə yəni şair deyil... Bütün Azərbaycan ondan danışır, televizorda elə hey onu göstərirlər, şeirləri dillər əzbəridir... Vətəndaş, Axı dünya fırlanır, Bir salama dəymədi...
Nizaməddin dedi ki, Bəxtiyarın yazdığı şeir yox, qafiyəli publisistikadır. "Bəs əsil şair kimdir?” sualıma cavab olaraq, Ramiz Rövşənin, Vaqif Cəbrayılzadənin, Vaqif Səmədoğlunun, Ələkbər Salahzadənin və adını indi yada sala bilmədiyim bir neçə şairin adını çəkib dedi ki, onları oxumaq lazımdır. Mən həmin şairləri az-çox tanısam da, televizorda hərdən görsəm də, yazdıqlarını nəsə anlamır, cəfəngiyyat hesab edirdim. Açığı o vaxtadək özümə əziyyət verib heç birini diqqətlə oxumamış, dinləməmişdim də.
Nizaməddinin o sözündən sonra ilk olaraq Ramiz Rövşənin "Göy üzü daş saxlamaz" kitabını tapıb oxudum və çox xoşuma gəldi. Daha doğrusu, onu mənə qrup yoldaşım Alqış Həsənoğlu təmənnasız bağışladı. Sonra Vaqiflərin kitablarını da alıb oxudum, onlar da yaxşıydı, amma ilk baxışda Ramiz Rövşən qədər ləzzət eləmirdi. Ramiz Rövşən, elə bil, mənə mənim öz duyğu və düşüncələrimi söyləyirdi...
Bəzən bir söz belə həyata baxışımızı dəyişə bilir. Nizaməddinin mənə təsadüfən dediyi o sözlər şeirə, ədəbiyyata, poeziyaya olan münasibətimi kökündən dəyişdi. Amma 6 il oxuduğum universitetdə (1 il də hazırlıq) bir müəllimimin mənə bu cür təsir edən bircə kəlməsini belə xatırlamıram...
Bu yazını niyə yazdım? Çünki indi də ümumilli küyə düşüb istər ədəbiyyatda, istər sənətdə, istərsə də siyasətdə yaradılmış bütlərə sitayiş edən gənclərimiz (elə gənc olmayanlarımız da) kifayət qədərdir. Amma təəssüf ki, onların gözünü həqiqətə açan, onlara düzgün yol göstərən sıradan adamlar ya çox azdır, ya da sadəcə onları dinləyən yoxdur...
Düşünürəm ki, bəlkə də, o vaxt Nizaməddin o sözləri deməsəydi, mən əsil poeziyanın, şeirin nə olduğundan xəbərsiz ölüb gedəcək, çoxlarını da bundan xəbərdar etməyəcəkdim... Amma bəlkə də, bu sözləri söyləyəcək başqa nizaməddinlər tapılacaqdı, təki o sözləri dinləməyə və qiymətləndirməyə hazır olaq, tələbat duyaq...