Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Müşviq Məmmədli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının partiya sədri Əli Kərimli ilə bağlı statusunu bəyənməsindən həyəcanlanıb.

Mia.az-ın məlumatına görə, o, bu barədə "Yenisabah"açıqlamasında köməkçisini "hədəf"ə gətirib: “...Burada olan məsələni biz araşdırırıq. Təxribat xarakterli də ola bilər. Sosial şəbəkələr bizim köməkçilərimiz tərəfindən idarə olunur. Həmin səhv texniki, yaxud mexaniki xarakter daşıya bilər. Amma yenə də deyim ki, mənim Əli Kərimli ilə bağlı fikiri bəyənməyim qeyri-mümkündür. Mənim siyasi mövqeyim bəllidir”.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Facebook” səhifəsində jurnalist Rahim Hacıyevin partiya sədri Əli Kərimli barədə yazdığı qısa məqaləni paylaşıb. Diqqət çəkən məqam isə paylaşımın özü deyil, bu addıma Yeni Azərbaycan Partiyasının üzvü, 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədlinin reaksiyası olub. Belə ki, o, F.Qəhrəmanlının paylaşımını bəyənib.