Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq onun ölümündə təqsirləndirilən həkim Azər Maqsudova hökm oxunub.
Məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
A.Maqsudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Həmçinin, məhkəmə zərərçəkən tərəfin qaldırdığı mülki iddianı baxılmamış saxlayıb.
Prosesdə dövlət ittihamçısı da çıxış edib. O, Azər Maqsudovun 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Azər Maqsudov məhkəmədə son sözündə özünü təqsirli bilmədiyini deyib:
"Hadisə gecə vaxtı olub. Mən içkili olmamışam. Sürət həddi qanuna uyğun olub. Hadisədən sonra mərhumu öz maşınımla xəstəxanaya apardım. Amma təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı. Biz barışıq təkif etdik. Əvvəl qəbul etsələr də, sonra mərhumun həyat yoldaşı bizə qarşı mülki iddia qaldırdı. O, bizdən əvvəl 400 min manat, sonra isə iki ədəd iki otaqlı mənzil istədi. Sonra bu məbləği 250 min manata düşdü. Biz onlara 45 min manat təklif etsək də, razı olmadılar. Hadisə zamanı mərhum mənim görünüş dairəmə düşməyib. Ona görə də mən əyləcdən istifadə etməmişəm. Himayəmdə 6 övladım var, onlardan ikisi azyaşlıdır. Övladımın biri 1-ci qrup əlildir. Məhkəmədən ədalətli qərar gözləyirəm".
Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.
Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib/Report.
MİA.AZ