Bakıda müştərini döyən “Rahat market”in mühafizəçisi A.Qafarov (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Mia.az teleqraf-a istinadla xəbər verir ki, cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin qərarına əsasən, əsa ilə gəzən yaşlı kişinin gözündən yumruq zərbəsi endirən mühafizəçinin azadlığı 9 ay müddətinə məhdudlaşdırılıb.

Hadisə Binəqədi rayonu, M.Davudoğlu küçəsində yerləşən “Rahat market”də qeydə alınıb.

Belə ki, məhkəmədə zərərçəkən şəxs qismində çıxış edən M.Sərdarov (ad-soyad şərtidir) başqa bir marketdən çörək alıb “Rahat market”ə daxil olduğunu, lakin orada istədiyi məhsulu tapa bilmədiyi üçün çıxmaq qərarına gəldiyini bildirib. Müştəri mağazadan çıxan zaman kassirə də əlindəki məhsulu göstərməklə digər marketdən çörək aldığını və paketin ora məxsus olmasını da deyib. Buna baxmayaraq, əynində mühafizəçi paltarı olmayan gözətçi müştəriyə yaxınlaşıb. Müştəri isə ona nəyə görə mühafizəçi paltarında olmadığını A.Qafarova irad tutub. Təqsirləndirilən şəxs isə cavab olaraq “sənə nə aidiyyəti var?” deyib.

Yaranan mübahisə nəticəsində 20 yaşlı mühafizəçi əsa ilə gəzən ahıl kişinin gözünə yumruq zərbəsi endirib.

Qeyd edək ki, hadisə bu ilin martında qeydə alınıb.