Eks-spiker Rəsul Quliyevin Azərbaycanda fəaliyyət göstərən partiyası olan Gələcək Azərbaycan  Partiyasının sədri Ağasif Şakiroğlu sosial şəbəkə hesabından paylaşım edərək Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu haqqında ciddi ittihamlar səsləndirib.

Mia.az xəbər verir ki, partiya sədri A. Şakiroğlu Sərdar Cəlaloğlunun onu görüşə çağıraraq Mehdiyev – Həsənov cütlüyünü tənqid etməkdən çəkindirməyə çalışdığını və ehtiyac yaranarsa onları görüşdürə biləcəyini  bildirdiyini iddia edib. A. Şakiroğlu bu təklifə əsəbləşərək sosial şəbəkə hesabından sərt açıqlama verib.

Məsələ ilə bağlı Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında bu iddiaları rədd edərək A. Şakiroğlu haqqında çox ağır ittihamlar səsləndirib: “Qətiyyən elə bir görüş olmayıb. Ağasif kimdir ki mən onunla görüşüb nəsə təklif edim? Mən onunla sonuncu dəfə eyni masada illər öncə oturmuşam. Əksinə o, Həsənovun vəzifədə olduğu vaxtlar mənə dəfələrlə yalvarıb ki Prezident Aparatında Əli Həsənova çatdırın ki, müəyyən imtiyazlar qarşılığında mən Rəsul Quliyevi satmağa hazıram, yetər ki, məni dəvət etsin, görüşüb danışaq”.

Cəlaloğlu qeyd edib ki, bu təklifi Əli Həsənova çatdırıb, o isə bildirib ki, “Rəsul Quliyev bu yaşdan sonra pula satılmaz”.

O, Ağasif Şakiroğlu ilə Əli Həsənov arasında vasitəçi olması sualını da cavablandırıb:“Yalvarırdı Ağasif, məcbur qaldım. Ağasif dünənin uşağıdır, oğlum yaşdadır. Mən onun kimi səviyyəsizin yazdıqlarına cavab vermək istəmirəm. Gedib tayını tapsın. Mən ciddi partiya sədriyəm, liderini Həsənova satmağa belə razı olan biri mənə siyasət dərsi keçə bilməz. Uşaqdır, uşaq işi ilə məşğul olsun”.

MİA.AZ