“Ramiz Mehdiyevin dövlətimizin maraqlarına zidd olan qeyri-qanuni əməlləri barədə məlumatlar çoxdur”.
Mia.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya açıqlamasında Müsavat başqanı İsa Qəmbər deyib.
Onun sözlərinə görə, Müsavat Partiyası dəfələrlə bu haqda danışıb və Ramiz Mehdiyevi birbaşa günahlandırıb.
Müsavat başqanı, həmçinin deyib: “Mətbuatda Ramiz Mehdiyevə qarşı ciddi ittihamlarla cinayət işi açıldığı və onun ev həbsi barədə qərar verildiyi xəbərlər yayılıb. Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki son onilliklərdə Azərbaycanda hakimiyyətin ikinci adamı, eyni zamanda Moskvanın əsas kadrlarından biri olan Ramiz Mehdiyevin dövlətimizin maraqlarına zidd qeyri-qanuni əməlləri barədə məlumatlar çoxdur. Onun Müsavata qarşı düşmənçiliyi də heç kimə sirr deyil. Müsavat Partiyası olaraq biz dəfələrlə bu haqda danışmış və Ramiz Mehdiyevi birbaşa günahlandırmışıq. Eyni zamanda indiki mərhələdə bir sıra suallar yaranır. İlk növbədə, Ramiz Mehdiyeva qarşı ittihamların sadəcə media tərəfindən deyil, rəsmi hüquq mühafizə orqanları tərəfindən açıqlanması zəruridir. Müsavat Partiyası bu prosesi və mövzunu diqqətdə saxlayacaq”.