Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki və Gürcüstandakı törəmə şirkətlərinə yeni təyinat olub.
Mia.az Banker.az-a istinadla xəbər verir ki, 2023-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər “SOCAR Georgia”nın Baş Maliyyə İnzibatçısı müavini olan Rüfət Həsənov “SOCAR Türkiye”də Baş Maliyyə İnzibatçısı təyin edilib.
Bununla belə, o, yeni vəzifəsi ilə bərabər, Gürcüstandakı şirkətdə də fəaliyyətini Baş direktorun müşaviri kimi davam etdirəcək. Həsənov hər iki vəzifənin icrasına 2025-ci ilin oktyabrından başlayır.
R.Həsənov Azərbaycan Texniki Universitetindən “Dəmir yolu və dəmir yolu nəqliyyatı” ixtisası üzrə bakalavr dərəcəsi alıb. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA dərəcəsini, eləcə də London Biznes Məktəbindən MBA dərəcəsini əldə edib.
22 ildən artıq karyerası ərzində Rüfət Həsənov “Nobel Oil”, “Topaz Marine” və “Veolia Group” kimi beynəlxalq şirkətlər də daxil olmaqla, bir sıra müəssisələrdə mühasibatlıq və maliyyə sahəsində yüksək vəzifələrdə çalışıb.