Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Namiq Mirzəyev 11 il 6 ay azadlıqdan məhrum edilib. O cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hökmdə qeyd edilib ki, o iş üzrə dəymiş 6 milyon manat ziyandan cəmi 343 min 810 manatı dövlət büdcəsinə ödəyib.

Qeyd edək ki, DTX-nin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində 2023-2024-cü illərdə xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsədiyi məlum olub.

N.Mirzəyev Müdafiə Nazirliyindəki mənimsəməyə görə həbs edilmiş Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində DTX-də başlanılmış cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

O, AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.