Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.

Mia.az xəbər verir ki, təqsirləndirilən David Manukyan söz alaraq Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Babayan “ATƏT-in Minsk qrupunun həmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib.

“O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının - general Muradov, general Kosabokov, general Anaşkin, general Volkov, general Lentsov və general Kulakovu burda şahid qismində cəlb olunmasını məhkəmədən xahiş edib.

“Mənim onlara bir sıra suallarım var. Onlar burda olan 15 nəfərlə birbaşa və yaxud bilavasitə əlaqədə olublar. Yenidən təkrar edirəm: birbaşa və yaxud bilavasitə. Düşünürəm ki, məhkəmənin də onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını videobağlantı vasitəsilə təmin edəsiniz”, - deyə o əlavə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdim etdiyi sənədlər tədqiq olunur.

Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edib ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan ittihamlarla əlaqəsi yoxdur.

Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hər hansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmaması vurğulanıb.

Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş vəsatətin rədd olunması haqqında qərar qəbul edib.

Qərarı əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfi vəsatətdə hansı halların araşdırılması, bu halların ittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən halları göstərməyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir(azertac).

***

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Mia.az xəbər verir ki, elan edilən sənədlərdən biri 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri və kiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardan istifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələr nəticəsində Malıbəyli kənd sakinlərindən 12 nəfər öldürülüb, 3 nəfər itkin düşüb, Quşçular kəndində isə 4 nəfər öldürülüb, 9 nəfər girov götürülüb.

Daha bir cinayət işi - 1991-ci il sentyabrın 8-də Xocavənd rayonunda “Laz” markalı avtobusun atəşə tutulması faktı üzrə sənəd tədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasının yaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindən avtobusa açılan atəş nəticəsində 7 nəfər hadisə yerində ölüb, 27 nəfər yaralanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir(Azertac).