"Xaricdə təhsil üzrə dövlət proqramı üçün qəbul prosesini daha da çətinləşdirəcəyik"

Mia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında deyib.

Nazirin sözlərinə görə, bu il xaricdə təhsil proqramı üçün müraciət edənlərin sayı 900 nəfərə yaxın olub: "Bu isə seçim prosesini son dərəcə çətinləşdirirdi. Çünki iki çox yaxşı namizəd arasında yalnız bir yer olanda məcburən kimsə kənarda qalır. Biz çalışırıq ki, ən yaxşıları seçək. Təbii ki, bu prosesdə müsahibələr də aparılır. Amma qəbul etmək lazımdır ki, istənilən müsahibə müəyyən qədər subyektivdir. Elə bir sistem qurmaq istəyirik ki, proqramlara qəbul olunanların keyfiyyəti əvvəlcədən müəyyən olunmuş yüksək meyarlara əsaslansın. Nəticədə təxminən 500 nəfər ən yaxşı namizəd seçilsin. Bunun üçün də qəbul prosesini daha da çətinləşdirməyi, ən yüksək səviyyəli universitetlərə yönəltməyi düşünürük. Əminəm ki, bu proqram Azərbaycanın müstəqilliyinin və inkişafının əsas dayaqlarından biri olacaq. Çünki həmin şəxslər xaricdə təhsillərini başa vurduqdan sonra beş, on, on beş, hətta iyirmi il ərzində Azərbaycana qayıdaraq həm dövlət, həm də özəl sektorda mühüm nailiyyətlər qazanacaq və ölkəmizin inkişafına töhfə verəcəklər".