Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində olub.

Mia.az xəbər verir ki, dövlətimizin başçısına qəsəbədə həyata keçirilmiş işlər barədə məlumat verilib.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qəsəbə erməni işğalından azad ediləndən sonra burada genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

"Hadrut" qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb.

Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək.

Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıdıb.

Dövlətimizin başçısı qəsəbə sakini Zahid Mustafayevin evində oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.

Mia.az xəbər verir ki, "PMD Projects" MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verib.

Bildirilib ki, hazırda Hadrut qəsəbəsində "PMD GROUP" tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.

Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də məlumat verilib.

Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci ilin oktyabrında qoyub.

Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.