"Son müşahidələr göstərir ki, "Instagram” sosial platformasında fəaliyyət göstərən xəbər səhifələri, böyük izləyici kütləsinə malik müğənnilər, bloqerlər, influenserlər və həkimlərin şikayətləri əsasında, heç bir əsas olmadan bağlanır. Qeyd etmək lazımdır ki, bu şəxslər ictimai maraq funksiyası daşıyır və onların fəaliyyəti barədə məlumat paylaşmaq tamamilə qanunidir".
Mia.az xəbər verir ki, bu sözləri lent.az-a Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli deyib.
Onun sözlərinə görə, son olaraq Xalq artisti Röya Ayxanın şikayətinə görə "lent.az”ın instagram səhifəsi bloklanıb. Əslində isə sayt müğənninin hər kəsə açıq olan profilində paylaşdığı foto əsasında xəbər hazırlayıbmış. Xalq artistinin media subyektinə qarşı bu cür "hücumu” heç cür anlaşılan deyil. Düşünürəm ki, müğənni sayta müraciət etsəydi, bu məsələ 2 tərəf arasında həll edilərdi. Görünən odur ki, bəzi şəxslər özlərini toxunulmaz elan etmək üçün bu yola əl atırlar.
Hacıbəy Heydərli həmçinin qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası bu kimi hallarla bağlı təkliflər hazırlayacaq: "Düşünürəm ki, sosial mediada fəaliyyət göstərən və peşəkar jurnalistika prinsiplərinə sadiq olan media səhifələrinin qorunması, onların əsassız müdaxilələrdən müdafiəsi vacib məsələdir. Son vaxtlar bu istiqamətdə daxil olan müraciətlərin çoxluğu sosial media platformalarında jurnalistlərin hüquqi müdafiəsinin zəif olduğunu ortaya qoyur.
Komissiya mövcud vəziyyətin daha dərindən araşdırılması, media subyektlərinin, xəbər səhifələrinin əsassız silinməsi halların qarşısının alınması, həmçinin sosial şəbəkələrdə fəaliyyət göstərən media qurumlarının hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq təklifləri hazırlayır”.
MİA.AZ