“Qalib gələndə tərifləyirsiniz, məğlub olanda xoşunuza gəlmir”, - deyə dünən “Sabah” Futbol Klubunun (FK) baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərə ağıl öyrətmək istədi. Bir az da dartındı üstümüzə: “Futbolçuların qorxaq oynadığını söyləmək onlara hörmətsizlikdi”.
Klub rəhbərlərinin ildə bir-iki dəfə ordan-burdan gətirdiyi baş məşqçilərin bizi də, hələ üstəlik, azarkeşləri də bəyənməməsinin səbəbi özümüzdədi: çünki abbasqulu bəylərin nazıyla çox oynayırıq.
UEFA Konfrans liqasının 3-cü təsnifat mərhələsində Bakıda bolqar klubu "Levski" ilə cavab oyununu keçirən "Sabah"ın öz qapısından 2 qol buraxaraq (ümumi hesabda 0-3) Avrokubok oyunları ilə vidalaşdığını dünən hamı, o cümlədən stadiona yığışan 6 min nəfərdən yuxarı azarkeş gördü.
Mia.az xəbər verir ki, "Sabah" bundan əvvəl səfərdə "Levski"yə 1 qol hesabıyla uduzmuşdu. İddialı Masazır klubunun Bank Respublika Arenada keçirilən oyununda birinci hissə qonaqların açıq pressinqi və ilk qolu ilə keçdi. İkinci hissədə "Sabah" hücumları artırsa da, rəqib qapısına heç bir sərrast zərbə vura bilmədi. Standart vəziyyətləri dəyərləndirmədi. Səfərdə rəqib meydançasında qorxaq oyunu evdə də davam etdirdi. İkinci hissənin sonuna yaxın qonaqlar 2-ci qolu da vuraraq “Sabah”ın Avroliqadakı sabahını bağlayandan sonra azarkeşlər kütləvi şəkildə tribunaları tərk etdi.
Büdcəsinə görə Premyer Liqa klublarının cədvəlində 3-cü yeri tutan klub Azərbaycan futbolunun inkişafı və tanınması üçün heç bir fayda verməyərək Avroliqa macərasını beləcə başa çatdırdı.
Valdas Dambrauskas artıq ikinci dəfədi ki, ispan məşqçilərlə peşəkarlıq müqayisəsində onlara uduzur. Bundan əvvəl də “Çelye”nin ispan baş məşqçisi ona taktika dərsi keçmişdi. Bu dəfə “Levski”nin ispan əsilli baş məşqçisi Xulio Velaskes göstərdi ki, meydana hazırlaşıb çıxmaqla iş bitmir. Oyun əsnasında da strateji və taktiki dəyişikliklər etmək lazımdı.
Məsələn, ispan məşqçi dedi ki, onlar rəqibin davranışına uyğun olaraq oyun zamanı müxtəlif taktika dəyişikliyi ediblər: “Biz rəqibin hərəkətlərini müşahidə edir və buna görə öz planlarımızı elə oyun vaxtı dəyişirdik. Bu, bizim dinamik üslubumuzdu, rəqibə görə anbaan dəyişə bilərik”.
Dünən özümüz də həqiqətən ispan məşqçinin əlindəki dəftərdə çəkdiyi cızma-qaralarda oyunçularına elə oyun zamanı necə taktika dəyişikliyini izah etdiyinin şahidi olduq. Bəs bizim üslubumuz, dəftərimiz, şparqalkamız, qol xəritəmiz harada idi o əsnada, Dambrauskas?
Deyirsiniz ki, indi oyunu analiz eləməyin mənası yoxdu, özümüz sonra səhvlərimizə baxıb nəticə çıxaracağıq. Kimə lazımdı bundan sonrakı o nəticə? Siz də oyun zamanı ispan Xulio kimi yerindəcə əlinizə bir şparqalka götürüb gördüyünüz səhvləri korrektə edə bilmirdinizmi? Ölkəmizə gələn qonağın əlində hər vəziyyətə uyğun xəritə var, sizsə, naməlum nəticələrlə özünüzü və azarkeşləri ovundurmağa cəhd edirsiniz.
Premyer Liqa, yaxud çempionat oyunlarında Avroliqa, yaxud o boyda azarkeş atmosferimi var? Bundan sonra nə analiz, nə müzakirə?
Guya təcrübə yığırsınız belə məğlubiyyətlərlə. Dambrauskas, dünən özünüz dediniz ki, birinci hissədə sizin boşluqları rəqib rahat gördü və ilk qoldan sonra komanda özünü toplaya bilmədi. Komandanın bir qoldan özünü itirməsinə “təcrübə” deyirlər, yoxsa, o söz?
Valdas Dambrauskas onu da deyir ki, “ən azından hesabı bərabərləşdirib intriqa yarada bilərdik oyunda”.
Mənim fikrimcə, o, futbol meydanında yox, mətbuat konfransında jurnalistlərlə öz arasında yaxşı intriqa yarada bilir.
Futbolçuların ünvanına deyilən “qorxaq” sözünü hörmətsizliyə yozan baş məşqçidən mia.az-ın əməkdaşı soruşanda ki, “bəs sizin komandanın qorxaq oyunu stadiona yığışan 6 min azarkeşə hörmətsizlik deyildimi”, Valdas Dambrauskas lap intriqanın gülünü vuraraq “Sabah”ın azarkeşlərini “mədəniyyətsiz” hesab etdi:
- Azarkeşlər çıxıb gedirsə, buna nəzarət bizim əlimizdə deyil (???- Z.M). Hər şey nəticədən asılıdı. Əgər nəticə yaxşı olsaydı, bizi alqışlayacaqdılar (təbii ki – Z.M.). Amma mən onları səbrli olmağa çağırıram. Təbii ki, üzğünəm. Ən azından hesabı bərabərləşdirib oyuna intriqa qata bilərdik. Mən onlara oyuna gəldikləri üçün təşəkkür edirəm. Düzdü, azarkeş mədəniyyətini (???? – ZM.) bir gündə yaratmaq mümkün deyil. Amma fikirləşirəm ki, biz klub olaraq daha yaxşı nəticələr əldə etdikcə, azarkeşlər də xoşbəxt olacaqlar.
Bəli, əslində bu axırıncı cümlədən başlamaq lazım ki, cənab Valdas Dambrauskas.
Bir az hörmət.
Lütfən.
Zülfiyyə Mustafayeva
Mia.az