“Qarabağ” Futbol Klubunun (FK) maskotu “köhlən at” “Şkendiya” ilə oyun zamanı polis tərəfindən saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Klubun mətbuat xidməti xəbəri təsdiq etməsə də, videolarda maskotun bir qrup polis tərəfindən stadiondan çıxarıldığı açıq görünür. 

Qeyd edək ki, “At” maskotunu “Qarabağ” klubu bundan əvvəl “Aris”lə oyunda ilk dəfə meydana çıxarıb. 
Maskotlar futbol klublarının az qala məcburi sayılan atributdu və hesab edirlər ki, doğru seçilən personaj kluba uğur və qalibiyyət gətirir. Amma əslində bu, sadəcə bir kommersiya vasitəsidi. 

Ümumiyyətlə, maskotlar klubların talisman personajı və simvoludu. Onlar klubun həyatında aktiv iştirak edir, oyunlarda komandanı dəstəkləyir və azarkeşlərin coşğusunu təmin edir. Bu personajlar kluba fərqli imij, rəngarənglik qatır, komandanın dəyərini qoruyaraq oyunlar zamanı əyləncəli, pozitiv, bayram atmosferi yaradır. 
Onların iştirakı ilə azarkeşlərlə müxtəlif oyunlar, müsabiqələr keçirilir.

Maskotların proqramı adətən klub menecerləri tərəfindən tərtib olunur. Lakin atmosferə uyğun olaraq maskotlar improvizsiya edə, qurulmuş ssenaridən kənara çıxa bilər. Ümumiyyətlə, bu hərəkətlər bir qayda olaraq spontan xaraekter daşıyır: qəfil zarafatlar, əl-qol hərəkətlər insanların inanılmaz əyləncəsinə səbəb ola bilər. Maskotların stadionlarda zarafatları həm də rəqib komanda üzvlərinə yönəlir və bu, çox müsbət qarşılanır. 

Maskotların bütün hərəkətləri sözü əvəz etdiyi üçün burada ardıcıllıq, emosional tarazlıq əsas götürülür.

Məsələn, rəqib komandanın uduzduğuna dair azarkeş sevincini maskot rəqib oyunçuların belinə çıxmaqla zarafatyana ifadə edə bilər.

Maskotlar klub suvenirləri və simvollarının satışında iştirak edir və təsadüfi deyil ki, onların obrazları bəzən çox banal və hətta qorxulu olur.

Bəzi rus futbol klublarının maraqlı maskotları var. Məsələn, “Spartak”ın maskotu Qladiator, “Krasnodar”ın maskotu Öküz, “Rostov”un maskotu Arıdır.

Dünya futbol klubları arasında təəccüblü maskotlar var. Bəzi klubların sponsorları öz məhsullarının obrazından istifadə edir. Məsələn, “Mayonez”, “Telefon batareyası”, “Xiyar”, “Pomidor” və bu kimi klub maskotları mövcuddur. 

Bəzən personajların hərəkətləri nəzərdə tutulan ssenari və proqramdan kənara çıxanda, maskot etik normalara və çərçivəyə sığmayan, habelə azarkeşlərə, ictimai ortama və rəqib komanda üzvlərinə qarşı təhqir və hörmətsizliyi özündə ehtiva edən hərəkətlərə yol verəndə, xəbərdarlıq edilməklə stadiondan uzaqlaşdırlır və qanuna müvafiq tədbirlər görülür. 

“Şkendiya” ilə oyun zamanı uzaqlaşdırılan “At” isə bəzi qeyri-etik hərəkətlərə görə kənarlaşdılıb. Oyunun birinci hissəsində o, daxili qoşunların əsgərinin belinə çıxaraq zarafat edib. Əsgərin bu hərəkətə sərt reaksiyasından sonra əlini uzadaraq barışmaq jestləri göstərsə də, xidmətdə olan şəxs bu üzrxahlığı qəbul etməyib. Daha sonra maskot israrını davam etdirib. 

Polisin iştirakı ilə maskotun tribunaların arasından keçərək stadiondan kənarlaşdırıldığı sosial şəbəkə videolarından görünür. 

Onun barəsində hansı tədbrilərin görüldüyü bəlli deyil.

Qaydalara görə, “Qarabağ” klubu şikayət olduğu təqdirdə maskotla müqaviləni ləğv edə və ya sadəcə, xəbərdarlıqla kifayətlənə bilər.

Necə deyərlər, ayda, ildə bir maskot, onun da sonu belə.

Zülfiyyə Mustafayeva
Mia.az