Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşlə bağlı maraqlı mesajlar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Berlində Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün son günlər müxtəlif ölkələrin liderləri ilə intensiv telefon danışıqları apardığını bildirib.
Zelenski bildirib ki, Ukraynada sülhə nail olmaq üçün çalışır: "Hazırda ilk hədəf atəşkəsdir. Təəssüf ki, Rusiya müharibəni dayandırmaq hazırlığında deyil. Mən bu barədə ABŞ prezidenti Donald Tramp və Avropa liderlərinin iştirakı ilə bugünki onlayn müzakirədə də ətraflı məlumat paylaşdım. Mən ABŞ prezidentinə və avropalı dostlarımıza dedim ki, Putin qətiyyən sülh istəmir. O, ölkəmizi tam şəkildə işğal etmək istəyir. Biz hamımız bunu həqiqətən görürük. Putinə sülh üçün daha çox təzyiq lazımdır. Mən Trampla avqustun 15-də Alyaskada sammiti müzakirə edim. Mənim mövqeyim dəyişməyib. Müharibəni bitirmək üçün liderlər səviyyəsində görüş zəruridir. Hər halda prinsiplərimiz və ərazi bütövlüyümüzlə bağlı fundamental məsələlər son nəticədə liderlər səviyyəsində həll olunur. Bu problem Ukraynasız həll edilə bilməz və yeri gəlmişkən, hamı bunu dəstəkləyir. Ümid edirik ki, Tramp-Putin görüşündə ilk olaraq təcili atəşkəs anlaşması olar. Ondan sonra keçiriləcək görüşlərə Ukraynanın da daxil ediləcək".
Firudin Səfərli
MİA.AZ