Onun ölüm xəbərini alarkən uzun müddətdir üzərində çalışdığım kitabım üzərində qeydlər aparırdım...

Xəbərə agah olandan sonra sarsıldım...

Gözlərimin qarşısında onunla IX Bakı Beynalxalq Kitab sərgisindəki xatirəm canlandı...

Sərginin elə ilk günü səhər saatlarından - saçları qar kimi ağarmış, olduqca səliqəli geyimdə, bir-bir sərgilərə yaxınlaşaraq kitablara baxan və dərin analitik fikirlər aparan və böyük bir nəzakətlə kitab satıcılarına “Gənc yazarlarımızdan hansılarınən kitablarını oxumağı tövsiyə edərdiniz?” sualını verən bir müdrik şəxs gördüm...

Bəli, bu o idi...

Öz dəsti-xətti elə müasir ədəbi həyatımızda mühüm sütunlardan birinə çevrilən, 60-cılar nəslinin son mogikanı (istisna: yaxın dostu, xalq yazıçısı Anar), yazıları ilə həmişə oxucularının qəlbini saf və hüdudsuz rəğbət ilə ovsunlayan, həmçinin ictimai-siyasi fəaliyyəti ilə də ölkəmizin mühüm dövlət vəzifələrində çalışan Xalq yazıçısı Elçin...

Bir neçə dəqiqə onu uzaqdan təqib etdikdən sonra hökmən onunla görüşməli idim... Yaxınlaşıb, salam verdim... Böyük bir səmimiyyətlə salamımı aldı... Sonra onunla xatirə şəkli çəkdirmək istədim amma həmin günün təlaşından o anı başqa bir anla əvəz etdim.

İndi düşünürəm ki, kaş...

Təxminən yarım saat keçdikdən sonra onu xalq yazçısı Afaq Məsudun “Hekayələr” kitabının təqdimatını uzaqdan seyr etdiyini gördüm. Elə bu an hörmətli Mədəniyyət nazirimiz Adil Kərimli və onu müşayiət edən ictimai xadimlərimiz nəşriyyatların və ali təhsil müəssisələrinin hazırladıqları sərgilərə yaxınlaşır, öz tövsiyələrini və xoş arzularını çatdırırdılar... Adil müəllim görkəmli yazıçımızı gördükdən sonra salamlaşıb, söhbət etdi və xüsusi nəvazişlə dəvət etdi ki, o da onunla birlikdə sərgiləri müşayiət etsin... Məhz bu anları yaxından görən mən heç vaxt ağlıma gətirməzdim ki, bu misraları Elçinin vəfatından sonra qələmə alacam...                                                

O, yalnız bir yazıçı deyil, həm də mədəniyyətimizin canlı yaddaşı, zamanla yarışan qələm ustası idi. Elçinin əsərləri insan psixologiyasını dərinliklərinə qədər araşdıran, səmimi və düşündürücü obrazlarla zəngin idi. O, keçmişlə bu günü, milli dəyərlərlə müasir düşüncə tərzini ustalıqla vəhdətə gətirə bilirdi. Əsərlərindəki fəlsəfi dərinlik və bədii estetikası onu çağdaş Azərbaycan ədəbiyyatının sütunlarından birinə çevirdi.

Elçin yalnız yazıçı deyil, həm də publisist, dramaturq və ictimai xadim kimi də böyük nüfuza malik idi. Onun "Mahmud və Məryəm", "Ölüm hökmü", "Ağ dəvə" kimi əsərləri həm oxucuların, həm də tənqidçilərin yaddaşında dərin iz buraxıb. Yazıçının ölümündən sonra da onun qələmi yaşayır - bizə miras qalan əsərlərində... Elçinin ədəbi irsi gələcək nəsillər üçün zəngin bir bələdçi, milli-mənəvi xəzinədir. O getdi, amma sözü qaldı - bu sözlər hələ çox ürəklərə yol tapacaq.

Sənan Hüseynov 
Mia.az