Təbriz VƏFALI

***

Ta bineyi-qədimdən Azərbaycan özünəməxsus mətbəxi, özünün zəngin, tamlı və dadlı təamları ilə məşhur olub. Ölkəmizin qədim və ən çox sevilən xörəklərindən biri də soyuq havalarda böyük iştahla, sirkəylə, sarımsaqlı qatıqla və ya abqora, yəni, kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi olan qorasuyu ilə yeyilən xaş, digər adı ilə kəllə-paçadır. 

Yüksək kalorisi olan bu yeməyi bişirmək üçün xırda və iribuynuzlu heyvanların ayaqlarından və başlarından, mal-heyvan dırnaqlarından istifadə olunur. Hələ bəzi həmvətənlərimiz səhər çağı “xaşlamaq” üçün “ceyran südü” dedikləri arağı birnəfəsə içir, xaşı acgözlüklə yeyirlər. 

Bizim kənddə xaşın “dəlisi” olanlara, kəllə-paçaya dərin hörmət göstərən, bu yeməyə məftunluq və vurğunluq nümayiş etdirən adamlara “xaşpərəst”lər, yaxud, “beyinyeyən”lər deyirlər. Həmkəndlim Zülfüqar bir oturuma bir qazan kəllə-paça yediyindən ona “xaşalqarın xaşpərəst” deyirlər. 

Azərbaycanda insanların beyinlərini, əl-ayaqlarını bişirmədən “yeyənlər” də var, onlara da “kannibal-xaşpərəst”lər, yaxud, “beyinyeyən”lər deyilir. 

Məsələn, bəzi KİV-lərin, qəzet, sayt və xəbər portallarının baş redaktorları var ki, sıravi əməkdaşları inək kimi sağır, onların əməyini istismar edir, 5 nəfərin işini bir nəfərə gördürür və əvəzində işçilərə maaş, qonarar adı ilə qəpik-quruş verirlər. Bu cür baş redaktorlar “beyinyeyən”lər, yaxud, “kannibal-xaşpərəst”lər sayılırlar. 

Yaxud, ailəsini dolandırmaq, bur qarın çörəyə möhtac olduğundan gündəlik çörəkpulu qazanmaq məcburiyyətində qalan fəhlələr, yükdaşıyanlar və digərləri günəmuzd işə götürülür, bütün günü eşşək kimi işlədilir, ona gündəlik işinə görə 100 manat əvəzinə istismar olunan əməyinin qarşılığında cüzi məbləğdə pul ödənilir. 

“Beyinyeyən”lərdən danışmışkən, yadıma “beyin köçü”, “beyin axını” düşdü. Azərbaycan müstəqillik qazanandan üzübəri ölkəmizdə “intellekt axını” hər il özünü büruzə verir. Xüsusilə də respublikamızda bəzi yüksək ixtisaslı mütəxəssislərin beyin məhsullarının normal qiymətləndirilməməsi, onların əməklərinin “beyinyeyən”lər, “kannibal-xaşpərəst”lər tərəfindən istismar olunması, peşəkar kadrlarımıza cüzi pulun verilməsi, onların normal yaşam tərzi qurmalarına şəraitin yaradılmaması və digər səbəblər üzündən xarici ölkələrə miqrasiya baş verir. “Düşünən beyin”lərin sayının azalması isə dövlətimizdə elmi-texniki inkişafa və iqtisadi tərəqqiyə öz mənfi təsirini göstərir.
Ona görə də istər redaksiyalarda, istər elm və təhsil müəssisələrində, istərsə də digər sahələrdə işçilərin əməklərini istismar edən “kannibal-xaşpərəst”lərə, “beyinyeyən”lərə qarşı mübarizə sərtləşdirilməli, peşəkarların, yüksək ixtisaslı kadrların maaşları artırılmalı, işçilərin gördükləri işlərə, mütəxəssislərin beyin məhsullarına düzgün qiymət verilməlidir. 

Əks halda “kannibal-xaşpərəst”liyin kütləvi hal alması nəticəsində əməyi istismar olunanların sayı artacaq, bu da mətbuatımıza, elmi-texniki və iqtisadi inkişafımıza ciddi zərbə vuracaq. 

Məndən demək… 

MİA.AZ