Vəkillər Kollegiyasının üzvü Hikmət Əliyev “Ador Kompani” MMC-nin tərkibində fəaliyyət göstərən “Sabina” və “Adore Parfumeriya” mağazalar şəbəkəsinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Mia.az-ın məlumatına əsasən, bu barədə Teleqraf-a vəkilin özü məlumat verib.

O bildirib ki, bir müddət öncə “Ador Kompani” MMC-yə qarşı sosial şəbəkələrdə paylaşım edib və əhəmiyyətli bir hüquqi kazusla qarşılaşıb.

Onun sözlərinə görə, şirkətin tərkibində fəaliyyət göstərən “Sabina” və “Adore Parfumeriya” mağazalar şəbəkəsinə məxsus hədiyyə kartlarına 6 ay və ya 1 il etibarlılıq müddəti qoyulması, müddət başa çatdıqdan sonra isə həmin kartların etibarsız hesab olunması problemi gündəmə gəlib. Vəkil qeyd edib ki, nəticədə şirkət heç bir məhsul təqdim etmədən gəlir əldə edir.

H.Əliyev hesab edib ki, qeyd olunan kartlara etibarlılıq müddətinin qoyulması hüquqi baxımdan düzgün deyil və həmin kartlar müddətsiz olmalıdır: "Əgər vətəndaş kartı ilin əvvəlində alırsa, onu istifadə üçün 11 ay vaxtı olur. Lakin ilin sonu alarsa, istifadəyə cəmi bir ay vaxtı qalacaq. Bu isə istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Bəzi ölkələrdə, misal üçün ABŞ-də ödəniş vəsaiti kimi istifadə edilə biləcək kuponlara 5 illik minimal müddət tətbiq edilib. İstehlakçıların hüquqlarını qoruyan qanunda bu normanın müəyyən olunması istehlakçıların hüquqlarını qoruyur. Kartın üzərində müddətə yönələn şərt müqavilə şərti hesab oluna və mötəbər sayıla bilməz".

“Bu sahədə konkret məhkəmə təcrübəsinin olmaması, eyni zamanda bunun geniş yayılmış bir praktika olması diqqətimi daha da çəkdi. Düşündüm ki, bu, yalnız mənim başıma gələn bir hal deyil, minlərlə insan bu təcrübədən zərər çəkib. Şirkət isə kartın üzərində yerləşdirdiyi manevr xarakterli birtərəfli standart şərtlərlə istehlakçının hüquqlarını məhdudlaşdıraraq heç bir məhsul təqdim etmədən külli miqdarda gəlir əldə edir. Məsələnin həm hüquqi, həm də ictimai əhəmiyyətini nəzərə alaraq, təkcə şəxsi maraq deyil, ictimai fayda naminə məhkəməyə müraciət etdim”, - deyə vəkil qeyd edib.

H.Əliyev deyib ki, onun şirkətə qarşı iddiasına Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmə iddianı əsassız sayıb və rədd edilməsi barədə qərar qəbul edib.

Vəkil vurğulayıb ki, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayıb və apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə iş tam, hərtərəfli və obyektiv şəkildə araşdırılıb. Nəticədə vəkilin apellyasiya şikayəti təmin olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilib ki, 200 manat məbləğində pul vəsaiti “Ador Kompani” MMC-dən tutularaq vəkilə ödəniləcək.

MİA.AZ