Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzinin işçiləri 3 aydır maaş ala bilmirlər. Mərkəz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyindədir. Naxçıvandakı struktur dəyişiklindən öncə mərkəz Talıbovların nəzarətində olub.

Mia.az-ın məlumatına görə, işçilər “Gündəlik Naxçıvan”a bildirirlər ki, həmin vaxt maaşlarını vaxtlı-vaxtında ala bilirmişlər. Dəyişiklikdən sonra isə, maaşları həm azaldılıb, həm də tez-tez gecikdirilir.

İşçilər bildirilər ki, rəhbərlik maaş istəyənləri, şikayət edənləri hədələyir:

“Deyirlər ki, pul yoxdur. Bilirik ki, buraya istirahətə gələnlərin hamısı yollayışla gəlirlər. Hamısının yollayışına görə pul silinir. Məgər Konfederasiyasının pulu yoxdur? Bizim də ailəmiz, uşaqlartımız var. İşləyənlərin çoxunun 2-3 uşağı var. Ailələrimizdə yalnız bir nəfər işləyir. Ailəmizin üzünə baxa bilmirik. Maaşları vaxtında alanda, heç olmasa banka olan borclarımızı vaxtında ödəyə bilirdik. İndi bankda bir tərəfdən borc faizlərimiz artır, digər tərəfdən də qohum-əqrabaya borclanmışıq. Bu gün sabah deyib, vermirlər. May ayından maaşlarımız qalır.”

Maaş ala bilməyən işçilər aidiyyatı qurumla müraciət edərək, kömək istəyirlər.