“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Sabirabad-Saatlı və İmişli rayonlarında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Kənd sağlamlığı günləri” adlı layihənin icrasını daha effektiv və təsirli etmək üçün hər bir rayonda fəaliyyət qrupu yaradıb.
Mia.az-ın məlumatına əsasən, İctimai Birliyin əməkdaşları Sabirabad, Saatlı və İmişli rayonlarında layihə fəaliyyətlərinin təşkili üçün müxtəlif yerlərdə görüşlər keçirərək gənc fəallardan ibarət 3 fəaliyyət qrupu təşkil edib. Hər bir rayonda İcma fəallarından ibarət Fəaliyyət Qrupu (FQ) yaradılıb. Yaradılmış fəaliyyət qrupları layihə üzrə planlaşdırılan HİV/İİV-in (insanın immunçatışmazlığı virusu) yayılması əleyhinə seminarların təşkilinə dəstək verəcəklər. Seçilmiş rayonlarda maarifləndirmə xarakterli seminarların təşkili ilə iş bitməyəcək. Çünki seminarlardan sonra yaradılmış Fəalliyət Qrupu icma daxilində fərdi və ya qrup halında olan maarifləndirmə tədbirlərini davam etdirəcək.
“Kənd sağlamlığı günləri” adlı layihənin Fəaliyyət Qrupları “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi ilə əlaqəli şəkildə HİV əleyhinə səhiyyə yönümlü maarifləndirmə işlərini həyata keçirir. Birliyin sədri Cəlal Əmənovun sözlərinə görə, maarifləndirmə işlərinin dayanıqlı olması şərtdi. Bunun üçün fəaliyyət qrupları məlumat materialları və steril materiallarla təmin edilir.
Zülfiyyə Mustafayeva
MİA.AZ