Məhkəmə "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçib.

Mia.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar dörd ay müddətinə həbs olunublar.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.