Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, professor Məhəbbət Dəmirçiyeva ailə münaqişələrinin səbəbləri ilə bağlı maraqlı fikirlər bildirib. 

Mia.az xəbər verir ki, professor “Ledy Femida” adlı hüquqi forumda çıxışında “Kişi öz yerində olsa, qadın sosial şəbəkədən adam tapıb getməz”, - deyə bildirib.

Qeyd edək ki, “Ledi Femida” qadın hüquqşünasları bir araya gətirən hüquqi platforma, “İnjuriya”nın təşkil etdiyi forum olmaqla yanaşı, xanımların ölkənin hüquq qanunvericiliyi və prosessual proseslərdə fəal iştirakçılığının müzakirə meydanı olub.

Xanım hüquqçularımız söhbət zamanı Konstitusiya hüquqları və gender bərabərliyindən danışaraq hüququn qadını necə qoruduğuna dair misallar çəkib. Müzakirəyə yığılanlar təsdiqləyib ki, qadın güclü olarsa, cəmiyyət də güclü olar. 

Femida xanımlar məişət zorakılığı mövzusuna da toxunublar. 

Azərbaycan ailəsinin indiki vəziyyəti mövzusuna toxunan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, professor Məhəbbət Dəmirçiyeva Mia.az-ın əməkdaşının sualına cavabında bildirib ki, ailəinin qorunmasında və boşanmaların qarşısının alınmasında kişinin böyük rolu var:

“Bu gün sevdiyi qıza müntəzəm olaraq çiçək, bahalı hədiyyə alan oğlan evlənəndən sonra bunları edə bilməyəndə evdə dava düşür. Ay axmaq oğlanlar! Qoy sizin pulunuzu yox, özünüzü sevsinlər, ay bədbəxtlər! Dolu cibi sevməzlər. Oğlanı müsbəti və mənfisi ilə qəbul etməlisən. Qızlar bilməlidirki, onların istəkləri yalnız subay, nişanlı vaxta aid olur. Evlənəndən sonra kişinin daha vacib işləri yaranır: ailəni saxlamaq və qorumaq. Bəzən deyirlər ki, qadınların boşanma səbəbi alimentlə bağlıdı. O 240-280 manat nə olan şeydi ki, qadın buna görə ailəsini dağıtsın?!”.

Professorun fikrincə, ailə həyatı ilin fəsillərinə bənzəyir: əvvəlcə bahar olur, sonra yay, sonra da payız və qışa qədəm qoyursan: “Qızlarda çətinliklərə dözüm yoxdu. Onlar beynin sol yarımkürəsi ilə düşünərək qərar verir. Vaxtilə subay vaxtı oğlan buna necə hədiyyələr veribsə, evlənəndən sonra da eyni şeyləri istəyir. Soruşursan ki, niyə boşanırsan? Deyir: “Mənə gül bağışlamır, bahalı restorana aparmır”. Az, xəstəsən sən? Sən gəlməzdən əvvəl idi o, indi daha pul da yoxdu, qazandığını da ailəyə, uşağına xərcləməlidi. Hər gün səni böyrünə salıb restorana aparacaq? Təbii ki, o da ola bilər. Amma özəl günlərdə”. 

Zülfiyyə Mustafayeva

MİA.AZ