"Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb".

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” mövzusunda keçirilən paneldə deyib.

Onun sözlərinə görə, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur: “Biz bunu gözləyirdik və özümüzü müəyyən mənada Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə, eləcə də sanksiyalar altında olan qonşularımıza qarşı mümkün ssenarilərə hazırlamışdıq”.

O, əlavə edib ki, Qafqazdakı yeni status-kvo legitimliyə, qanuniliyə və beynəlxalq hüquqa əsaslanır: “Azərbaycan hazırkı sülh və sabitliyi təmin etmək üçün çox iş görüb. Münaqişə və müharibə artıq bitib. Biz sülh gündəliyi üzərində işləyirik. Vacib olan odur ki, Qafqazda yeni status-kvo yaranıb. Bu, legitimlik, qanunilik və beynəlxalq hüquqa əsaslanır. Əvvəlki status-kvo isə təəssüf ki, işğal faktına əsaslanırdı.

Azərbaycan artıq regional ölkələr vasitəsilə daha geniş coğrafiya ilə əlaqələr qurub. İndi Ermənistan da göstərməlidir ki, onun ərazisindən keçid də iqtisadi cəhətdən səmərəli və cəlbedici ola bilər. Biz hələ də gözləyirik. Amma məsələnin yaxşı tərəfi odur ki, ikitərəfli kanallar vasitəsilə biz Ermənistanla müxtəlif istiqamətlər üzrə işləyirik.

Bu istiqamətlər sülh müqaviləsi, sərhədlərin delimitasiyası və bəzi digər məsələləri əhatə edir. Sülh müqaviləsinin mətn razılaşdırılıb. Lakin hələ də həll olunmamış məsələlərimiz var və onların üzərində işləyirik”.