Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu ictimai müzakirə mövzusu olmaqla yanaşı, dayanıqlı və perspektivli layihələrin dövlət tərəfindən dəstəklənməsinə də imkan yaradır.
Amma təmərküzləşən ticarət meydanında bazara diktə edənlərin arasında kiçik və orta sahibkarlar, “məhəllə marketləri"ni işlədənlər özünü necə hiss edir? Orta təbəqənin simvolu sayılan kiçik sahibkarların bazardan çıxmaması, hətta onlara dəstək verilməsi üçün böyük sahibkarların hansı planları var?
Bunu “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyin baş katibi Araz İmanov Mia.az-ın müxbiri ilə müzakirə edib.
Mia.az xəbər verir ki, ixtisasca iqtisadçı olan Araz İmanov Bakı Dövlət Universitetini və Britaniyanın Northumbria universitetini bitirib.
O, 2006-cı ildən 20 ilə yaxın müddətdə Xarici İşlər Nazirliyində və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində diplomatik fəaliyyət göstərib. Bu ilin aprel ayından İctimai Birliyin baş katibidir.
Yeri gəlmişkən, İctimai Birlik özündə "Rahat market", "Bazar store", "Al market", "Grandmart", "Bolmart", "Megastore", "Araz market", "Spar", "Oba", "Rossman", "Neptun market" və "Bravo" kimi iri ticarət şəbəkələrini birləşdirir.
- Araz bəy, şəbəkə marketlərinin hazırkı səviyyəsi dünya standartlarına uyğundu. Belə bir inhisarcı gücün qarşısında məhəllə marketlərinin rəqabəti qeyri-bərabər deyilmi? Böyük ticarətin ənənəvi üstünlüklərini kiçik sahibkarlara daşımaq olarmı?
- Şəbəkə marketləri iqtisadiyyatın kifayət qədər böyük bir hissəsini əhatə edir və əslində məhəllə marketləri onların rəqibi deyil. Amma ticarət şəbəkələri kiçik sahibkarların iqtisadi həyatda var ola bilməsi üçün müsbət təsir edir və onların bazarda qalmasına əlverişli imkan yaradır. İlk növbədə şəbəkə ticarətində olan şirkətlərin vergi qanunvericiliyi və digər qanunlara dair öhdəlikləri şəffaf həyata keçirilir. Bu dəqiqliyi məhəllə marketlərində görmürük. Şəffaf iqtisadi fəaliyyət tərəfdaşlıqda inam yaradır və dayanıqlı iqtisadi münasibətləri təmin edərək tənzimləyir. Məhəllə marketlərinin təkmilləşdirməyə ehtiyacı olan bir tərəfi də qida təhlükəsizliyi, sanitar-gigiyenik qaydalara əməl etməsidir. Bundan başqa etik qaydalar, malın geri qaytarılması qaydalarının də çərçivəsiz oldugu məhəllə marketlərində zamanla müştərilərlə müxtəlif problemlər yaşanır.
Şəbəkə marketlərində isə bu sahədə işin təşkili mərkəzləşmiş qaydada və konkret təlimatlar əsasında aparıldığı üçün sistem problemləri ortaya çıxmır. Bu baxımdan məhəllə marketlərinin şəbəkə marketləri ilə intensiv əməkdaşlığında fayda var. Bu zaman hər iki tərəf arasında keyfiyyətli xidmətin təşkilinə əsaslanan lokal rəqabət mühüti formalaşa bilər. Məhəllə marketləri öz hədəfini dediyim məsələlər üzərində qursa, onda bərabər rəqabətdən danışa bilərik. Belə rəqabət mühitində isə yalnız insanlara göstərilən xidmətin səviyyəsi və keyfiyyəti qalxa bilər.
Zülfiyyə Mustafayeva
MİA.AZ