"Rusiya ordusunu yenidən optimallaşdırır, eyni zamanda, proqnozların əksinə daha çox sürətlə silah istehsal edir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Londonda "Chatham House” beyin mərkəzində keçirilən konfransda deyib.
Rutte əlavə edib ki, Rusiyanın qarşısını almaq üçün 24-25 iyun tarixlərində Niderlandda keçiriləcək NATO sammitində üzv ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 5 faizinin müdafiə xərclərinə ayrılması məsələsi aktuallaşacaq: "NATO-nu daha ədalətli quruma çevirəcəyək və eyni zamanda, üzv ölkələrin təhlükəsizlik yükünü bərabər bölüşdürəcəyik. Hər bir müttəfiq dövlət üzərinə düşəni etməlidir, çünki ABŞ bu yükün böyük hissəsini öz üzərinə götürüb. Bundan sonra isə Avropa və Kanada bu yükükn bölüşməsində daha çox işlər görəcək"
Baş katib qeyd edib ki, ABŞ isə NATO-ya olan sarsılmaz öhdəliyini davam etdirəcək: "Biz bir yerdə daha möhkəm bağlılığımızı davam etdirəcəyik. Bilirsiniz ki, Rusiya Çin, Şimali Koreya və İranla birlikdə hərəkət edərək hərbi potensialını və imkanlarını artırıb. Əldə etdiyimiz məlumatla əsasən, Rusiya öz ordusunu Çin texnologiyası ilə yenidən qurur, paralel olaraq gözlədiyimizdən də çox sürətlə silah istehsal edir. Sursat baxımından Rusiya NATO-nun bir ildə istehsal etdiyini 3 ayda istehsal edir. Bu il 1500 tank, 3000 zirehli maşın və 200 "İsgəndər" raketi istehsal edəcəyi gözlənilir. Rusiya qarıdakı 5 il ərzində NATO-ya qarş hücuma keçə və ya hərbi gücündən istifadə etməyə hazır olacaq. Özümüzü aldatmayaq. Rusiyanpn yeni nəsil raketləri səs sürətindən qat-qat yüksəkdir. Təhlükəyə göz yuma bilmərik. Ümid strategiya deyil. Biz müdafiə sahəsində sıçrayış etməliyik. Hava və raket hücumundan müdafiəni azı 400 faiz artırmaq lazımdır. Ordumuza həmçinin minlərlə zirehli texnika, tank və milyonlarla artilleriya mərmisi lazımdır. Biz logistika, təchizat, nəqliyyat və səhiyyə dəstəyi kimi dəstək imkanlarımızı ikiqat artırmalıyıq".
Lamiyə ƏHMƏDLİ
MİA.AZ