Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin direktoru

***

Pulun ilahi varlıq sayıldığı məmləkətdə varlılar Allahlıq iddiasına düşərlər.

Ta bineyi-qədimdən böyüklərimizdən eşitmişik ki, uşaqlar bizim gələcəyimizdir. Ona görə də azyaşlılara daim sevgi və qayğı göstərmək lazımdır. Amma…

Amması budur ki, uşaqlıqdan gözü ac, könlü ac böyütdüyümüz övladlarımıza qayğımızı və diqqətimizi lazımi səviyyədə göstərə bilmirik. Göstərməyə də imkan verilmir…

Müəllimlər günündə, bayramlarda müəllimlərə bahalı hədiyyə, böyük məbləğdə pul verənlərin daha çox sevildiyini və hörmət sahibi olduğunu, onların özbaşınalıqlarına göz yumulduğunu, eləcə də imkanlı şəxslərin öz övladlarını orta məktəblərə bahalı maşınlarda gətirdiklərini və həmin uşaqlara ən son dəbdə olan qiymətli paltar-ayaqqabı geyindirildiyini görən kasıb ailədən olan azyaşlılarımız pulun ilahi qüdrətini erkən yaşdan anlamağa başlayırlar.

Pulsuzluq üzündən il uzunu parklarda bahalı attraksionlardan, maşınlardan, oyuncaqlardan və sairdən istifadə etməkdən məhrum qalanda, girişləri pullu olan özəl istirahət məkanlarına daxil olan varlı balalarını görəndə, Yeni il bayramında Şaxta Babaya və Novruz bayramında Bahar qızına, həmçinin onların hədiyyələrinə həsrət qalanda aztəminatlı ailələrin uşaqları az qala var-dövlətə, sərvətə, qızıla, mal-mülkə, bahalı maşınlara ilahi varlıq, varlılara Tanrı kimi baxmağa başlayırlar. Beləcə pula tapınma dövrü başlayır.     

Əksər valideynlərin maddi durumları zəif olduğundan azyaşlılarımız yarıtox, yarıac, tələbatı ödənmədiyindən müəyyən ehtiyaclar içində yeniyetməlik dövrünə qədəm qoyurlar və əsl bəla bundan sonra başlayır. Bəzi yeniyetmələrin təhsildən yayınması, oğurluqla, cibgirliklə, dələduzluqla, xuliqanlıqla, soyğunçuluqla, hətta narkotik və psixotrop maddə, həmçinin salfetka, gül və sair mal və məhsulların satışı ilə məşğul olması, dilənçilik etməsi barədə çox eşitmişik, çox oxumuşuq.

Hətta bəzi yeniyetmə qızların ata evlərini özbaşına tərk edərək başqa yaşayış obyektlərinə getmələri, sosial şəbəkələrdə tanış olduqları insanlarla birgə həyat sürməyə cəhd etmələri, sərbəst həyat yaşamağa meyllənmələri barədə də çox deyilib, çox yazılıb. Yeniyetməlik dövründən sonrakı gənclik illərində isə əxlaqsızlıq, avaraçılıq, qumarçılıq, tüfeyli həyat tərzi qanlara hopur. Çünki…

Çünki günahkar özümüzük. Allahımız, dinimiz, imanımız, and yerimiz pul olan halda gələcəyimiz hesab etdiyimiz uşaqlığımızı, uşaqlarımızı pula hərisliyə öyrəşdiririk.

Artıq qəflət yuxusundan ayılmaq, yoxsa dəvəquşu kimi başımızı quma soxub qalan yerlərimizdən xəbərsiz olmaqda davam etmək isə vicdanımıza qalıb. Əgər vicdan varsa…  

MİA.AZ