Qubadlı rayonu, Zilanlı kəndi üzrə qeyri-yaşayış binalarının, sahədaxili mühəndis-kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənddaxili yollar ) tikinti-quraşdırma işlərinə 2 989 439 AZN xərclənəcək.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, işləri “Amal Group” MMC və Enerji Qrup MMC konsorsiumu həyata keçirəcək.
“Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Birliyi” publik hüquqi şəxslə adıçəkilən şirkətlər arasında müqavilə imzalanıb.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd edək ki, nizamnamə kapitalı 100 AZN olan “Amal Group” MMC-nin qanuni təmsilçisi Orxan Asif oğlu İbrahimlidir. Mətbuatda yazılan məlumatlara əsasən, “AMAL Group” şirkəti yüksək vəzifəli məmurlar tərəfindən himayə edilir. Şirkətin sahibinin Teymur adlı şəxs olduğu bildirilir. O, bəzi iri ranqlı məmurlarla yaxın qohumluq əlaqələrinə malikdir. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqov "Amal Group”un sahibi Teymurun qayınatası, iqtisadiyyat nazirinin müavini Anar Axundov isə bacısının həyat yoldaşıdır.
Xatırladaq ki, 2023 və 2024-cü illərdə "Amal Group” bir sıra böyük tenderlərin də qalibi olub.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.